Kəlbəcərdə yeni yaşayış məntəqələri və müasir şəhər infrastrukturu yaradılır

Kəlbəcərdə yeni yaşayış məntəqələri və müasir şəhər infrastrukturu yaradılır
Kəlbəcər zəngin təbii sərvətləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı üçün də böyük imkanlara malikdir. Rayonun geniş yaylaqları və dağ çəmənlikləri heyvandarlığın inkişafı baxımından əlverişlidir. Xüsusilə qoyunçuluq və maldarlıq sahələrində Kəlbəcərin böyük potensialı var.
Uzun illər ərzində kəlbəcərli ailələrin əsas məşğuliyyət sahələrindən biri heyvandarlıq olub. İnsanlar yay aylarında mal-qaranı dağ otlaqlarına aparır, qışda isə öz təsərrüfatlarını davam etdirirdilər. Bu ənənələrin yenidən bərpası həm yerli əhalinin məşğulluğunun artırılmasına, həm də ölkənin ərzaq təminatına müsbət təsir göstərəcək.
Bundan başqa, arıçılıq, bitkiçilik və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün də imkanlar mövcuddur. Kəlbəcərin təmiz dağ havası, zəngin bitki örtüyü və təbii şəraiti burada istehsal olunan məhsulların keyfiyyətinə müsbət təsir göstərə bilər.
Əsas məsələ bu imkanlardan düzgün istifadə etmək, müasir texnologiyaları tətbiq etmək və yerli əhalinin təsərrüfat fəaliyyətinə dəstək göstərməkdir. Dövlət tərəfindən yaradılan yeni infrastruktur gələcəkdə sahibkarların və fermerlərin bu bölgəyə marağını daha da artıracaq.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin təhlükəsiz, rahat və müasir yaşayış şəraiti ilə doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Kəlbəcərdə də bu istiqamətdə mühüm addımlar atılır.
Rayonun şəhər və kəndlərinin yenidən qurulması zamanı insanların gündəlik ehtiyacları, sosial xidmətlərə çıxışı, məşğulluq imkanları və gələcək inkişaf perspektivləri nəzərə alınır. Yeni yaşayış binaları, fərdi evlər, məktəblər, səhiyyə müəssisələri, inzibati binalar və digər sosial obyektlər inşa edilir.
Kəlbəcər şəhərində həyata keçirilən yaşayış layihələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şəhərdə müasir tələblərə uyğun yaşayış komplekslərinin yaradılması sakinlərin rahat və təhlükəsiz şəraitdə yaşamasına xidmət edir.
Eyni zamanda Yanşaq, Zallar və Zar kəndlərində də yaşayış məntəqələrinin salınması və kənd həyatının bərpası istiqamətində işlər görülür. Bu ərazilərin gələcək inkişafı planlaşdırılarkən yalnız bugünkü ehtiyaclar deyil, uzunmüddətli perspektiv də nəzərə alınır.
Yeni salınan yaşayış məntəqələrində müasir kommunikasiya sistemləri, yollar, elektrik və su təchizatı, sosial obyektlər yaradılır. Məqsəd insanların doğma yurdlarına qayıtdıqdan sonra hər hansı ciddi çətinliklə üzləşməməsi, burada normal həyat şəraitinin təmin olunmasıdır.
Kəlbəcərin yenidən qurulması zamanı müasir şəhərsalma prinsiplərinə, ekoloji tarazlığın qorunmasına və təbii sərvətlərdən səmərəli istifadəyə də xüsusi diqqət yetirilir. Bu isə rayonun gələcəkdə daha müasir və yaşayış üçün əlverişli bir məkana çevrilməsinə imkan yaradacaq.
İman Əsədli – Dəkkəoba kənd sakini, fəal gənc
