Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir

25 Noyabr 2026, 12:51 Cəmiyyət
728×90

Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir

 

Kəlbəcər işğaldan azad edildikdən sonra dövlətimizin qarşısında duran əsas məsələlərdən biri rayonun yenidən qurulması və burada normal yaşayış şəraitinin yaradılması oldu. Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında rayonda genişmiqyaslı tikinti, bərpa və abadlıq işlərinə başlanıldı.

İlk növbədə, bölgənin gələcək inkişafı üçün vacib olan yol, elektrik enerjisi, su və digər infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirildi. Çünki dağlıq ərazidə yerləşən Kəlbəcərin inkişafı üçün müasir nəqliyyat və kommunikasiya sistemlərinin yaradılması mühüm şərtdir.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu yolun çəkilməsi Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqəsini daha da yaxşılaşdırır, insanların gediş-gəlişini asanlaşdırır və iqtisadi imkanların genişlənməsinə şərait yaradır. Murovdağ ərazisində inşa edilən tunel isə yolun daha rahat və təhlükəsiz istifadəsinə imkan verən mühüm mühəndislik layihələrindəndir.

Bundan başqa, rayonun müxtəlif istiqamətlərində yeni yollar çəkilir, körpülər salınır, elektrik enerjisi və su təchizatı sistemləri qurulur. Bu layihələr gələcəkdə Kəlbəcərdə yaşayacaq insanların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, sahibkarlığın və turizmin inkişafına da xidmət edəcək.

Kəlbəcərin enerji potensialından istifadə edilməsi də diqqət mərkəzindədir. Rayonun çayları və dağlıq relyefi kiçik su elektrik stansiyalarının yaradılması üçün əlverişli imkanlar yaradır. Bu məqsədlə “Çıraq-1” və “Çıraq-2” kiçik su elektrik stansiyaları istifadəyə verilib. Bu cür layihələr bölgənin elektrik enerjisi ilə təminatına töhfə verməklə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi baxımından da əhəmiyyətlidir.

Kəlbəcər deyəndə ilk növbədə yada düşən yerlərdən biri də İstisudur. Bu ərazi uzun illər Azərbaycanın məşhur müalicəvi və istirahət məkanlarından biri olub. İstisu mineral suları özünəməxsus tərkibi və müalicəvi xüsusiyyətləri ilə tanınıb. Sovet dövründə burada sanatoriya və istirahət müəssisələri fəaliyyət göstərib, ölkəmizin müxtəlif bölgələrindən insanlar müalicə və istirahət üçün İstisuya gəliblər.

Lakin işğal illərində bu ərazidəki infrastruktur dağıdıldı, mineral su ehtiyatlarından Azərbaycanın qanuni şəkildə istifadə etmək imkanı məhdudlaşdırıldı. Kəlbəcər azad olunduqdan sonra İstisunun əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görüldü.

Artıq İstisu mineral su zavodu yenidən qurularaq fəaliyyətə başlayıb. Bu, təkcə bir istehsal müəssisəsinin bərpası deyil, həm də Kəlbəcərin iqtisadi həyatının canlanması baxımından mühüm hadisədir. Zavodun fəaliyyəti yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi imkanların genişlənməsinə və Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə olunmasına şərait yaradır.

Gələcəkdə İstisu ərazisinin müasir turizm və sağlamlıq mərkəzinə çevrilməsi üçün geniş imkanlar mövcuddur. Burada müasir istirahət komplekslərinin, sanatoriyaların və turistlər üçün xidmət obyektlərinin yaradılması Kəlbəcərin turizm potensialını daha da artıracaq.

 

Xəyyam Məmmədov – Zərdab şəhər sakini, fəal gənc

728×90
Paylaş: