Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq

Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının tarixində yeni bir dövrün başlanğıcı oldu. Uzun illər düşmən işğalı altında qalan qədim şəhərimiz öz azadlığına qovuşdu. Bu hadisə yalnız hərbi qələbə deyil, həm də xalqımızın tarixi yaddaşına, milli-mənəvi dəyərlərinə və doğma torpaqlarına qayıdışının başlanğıcı idi.
Şuşanın azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin əvvəlki şöhrətinin qaytarılması, dağıdılmış infrastrukturun bərpası və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Şəhərin tarixi görkəminin qorunması, yaşayış binalarının, inzibati və sosial obyektlərin bərpası, yol və kommunikasiya infrastrukturunun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirildi.
Bu layihələr arasında Zəfər Yolunun xüsusi yeri var. Vətən müharibəsi zamanı qəhrəman hərbçilərimizin Şuşaya doğru irəlilədiyi mürəkkəb dağlıq ərazidən keçən 101 kilometrlik avtomobil yolu Prezident İlham Əliyevin təşəbbüsü ilə “Zəfər Yolu” adlandırıldı. Bu yol təkcə nəqliyyat infrastrukturu deyil, həm də Azərbaycan əsgərinin qəhrəmanlığını, fədakarlığını və qələbə əzmini xatırladan tarixi bir abidədir.
Şuşada həyata keçirilən quruculuq işləri şəhərin iqtisadi, mədəni və turizm potensialının inkişafına da geniş imkanlar yaradır. Tarixi abidələr bərpa olunur, yeni ictimai məkanlar yaradılır, beynəlxalq tədbirlər keçirilir. Bütün bunlar Şuşanın yenidən Azərbaycanın mühüm mədəni və ictimai mərkəzinə çevrilməsinə xidmət edir. Ən sevindirici məqam isə insanların doğma şəhərə qayıdışıdır. Uzun illər yurd həsrəti ilə yaşayan şuşalıların yenidən öz evlərində yaşaması tarixi ədalətin bərpasının ən təsirli göstəricisidir.
Şuşaya qayıdış həm də gələcəyə qayıdışdır. Bu şəhərdə qurulan hər yeni bina, salınan hər yol, bərpa olunan hər tarixi abidə Azərbaycan dövlətinin gücünü və xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. Bu gün Şuşa azadlığın, dirçəlişin və milli qürurun canlı təcəssümüdür. Əziz Şuşa, biz qayıtmışıq və səni daha da gözəlləşdirəcəyik!
Bəylər Cəfərov – Zərdab rayonu Alıcanlı kənd sakini
