“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu
Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində və milli-mənəvi həyatında müstəsna yer tutan şəhərlərimizdəndir. Bu qədim şəhərin işğaldan azad edilməsi ilə onun tarixi şöhrətinin bərpası, mədəni irsinin qorunması və gələcək inkişafının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncamı bu istiqamətdə mühüm siyasi və hüquqi addım oldu. Ardınca 2021-ci il mayın 31-də Milli Məclis tərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Həmin Qanun Şuşanın qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliği ilə bağlı hüquqi və təşkilati əsasları müəyyənləşdirir. Sənəd şəhərin tarixi-mədəni irsinin mühafizəsini, milli memarlıq nümunələrinin qorunmasını, mədəniyyət və incəsənət ənənələrinin yaşadılmasını dövlət səviyyəsində təmin edən mühüm hüquqi mexanizmdir.
Qanunun qəbul edilməsi Şuşanın yalnız tarixi şəhər kimi qorunmasına deyil, həm də müasir dövrdə inkişaf edən mədəniyyət mərkəzinə çevrilməsinə geniş imkanlar yaratdı. Bu sənəd şəhərdə həyata keçirilən bərpa və quruculuq işlərinin, mədəni tədbirlərin, turizm layihələrinin və elmi araşdırmaların hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması da tarixi irsin qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdəndir. Qoruğun fəaliyyəti şəhərin tarixi simasının, memarlıq abidələrinin və mədəni sərvətlərinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Bu gün Şuşada aparılan bərpa işləri dövlətimizin milli-mədəni irsimizə münasibətinin bariz nümunəsidir. Tarixi məscidlər, karvansaralar, yaşayış evləri və digər memarlıq abidələri bərpa olunur, şəhərin əsrlər boyu formalaşmış özünəməxsus siması yenidən canlandırılır.
Şuşa haqqında xüsusi Qanunun qəbul edilməsi bir daha təsdiqləyir ki, Azərbaycan dövləti öz tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə sahib çıxır. Şuşanın qorunması yalnız bugünkü nəslin deyil, gələcək nəsillər qarşısında da müqəddəs borcumuzdur.
Nağı Cavadov – Zərdab rayonu Alıcanlı kənd sakini
