Dünyanın ən füsunkar ölkələri

Yer üzü elə ecazkar guşələrlə əhatə olunub ki,hər tərəf sanki rəssamın fırçasından çıxmış bir sənət əsəridir. Lakin, dünyada elə unikal ölkələr də var ki, həm coğrafi müxtəlifliyi, həm də toxunulmaz mənzərələri ilə haqlı olaraq liderliyi bölüşür.
Yeni Zelandiya – Aktiv vulkanlar, buzlaqlar və sıx meşələr ilə əhatə olunub. Bu ecazkar ölkə sanki nağıllar aləmini xatırladır və özünün toxunulmaz bakirəliyi ilə insanı heyran edir.
“Üzüklərin hökmdarı” filminin məhz burada çəkilməsi təsadüf deyil. Buranın təbiəti hələ də ilkin və təmiz görkəmini qoruyub saxlayır.
İsveçrə – Əgər “nağıllardakı kimidir” deyilirsə, deməli, həmin yer İsveçrədir. Zümrüd rəngli dağ gölləri, Alp zirvələri və yaşıl vadiləri ilə məşhurdur. Bura hər addımbaşı qarşınıza çıxan mənzərələrlə vizual bir cənnətdir. Lauterbrunnen dərəsi kimi yerlər insanı gerçəklikdən tamamilə uzaqlaşdırır.
İslandiya – Bəzən insana elə gəlir ki, İslandiya başqa bir planetə aiddir. Bura yaşıl mamırlı vulkanik düzənliklər, coşqun qeyzerlər, nəhəng buz mağaraları ilə adamı heyran edir. Səmaya rəng qatan şimal işıqları burda təbiətin nə qədər güclü və sirli olduğunu nümayiş etdirir.

Kanada – Təmiz göllər, nəhəng şam meşələri və səmanı bəzəyən şimal işıqları Kanadanın sərhədsiz və vəhşi təbiətinin əzəmətini nümayiş etdirir.
Kosta-Rika – Tropik yağış meşələri, zəngin canlılar aləmi və aktiv vulkanları ilə bu ölkə təbiətsevərlər və ekoturizm həvəskarları üçün əsl xəzinədir.
Norveç – təbiətin bütün əzəmətini və sərt gözəlliyini özündə birləşdirən, dünyanın ən füsunkar şimal ölkələrindən biridir. Xüsusilə də fyordları ilə bütün dünyada şöhrət qazanıb.
Təbiət yalnız gördüyümüz mənzərə deyil – o, hiss etdiyimiz sakitlik, tənəffüs etdiyimiz təmiz hava və ruhumuzun dincəldiyi sığınacaqdır. Hər ölkə özünəməxsus nəfəsi ilə fərqlənir.

Şəhla İlkay
