Qoxuların kimyası: Yağışdan sonra gələn xoş qoxunun sirri nədir?

Faktum.az xəbər verir ki, torpağa yağış yağarkən hiss etdiyimiz xüsusi qoxu elm dünyasında petrikor adlanır. Kimyaçılar bildirirlər ki, bu qoxu torpaqdakı aktinobakteriya adlı mikroorqanizmlərin ifraz etdiyi geosmin maddəsinin yağış damcıları ilə havaya yayılması nəticəsində yaranır və insan burnu bu qoxunu milyardda 5 zərrəcik konsentrasiyasında belə hiss edə bilir.
Yağış damcısı torpağa dəydikdə kiçik hava qabarcıqları əmələ gətirir və bu qabarcıqlar yuxarı qalxaraq geosmin maddəsini aerozol şəklində havaya püskürdür. İnsanların bu qoxuya qarşı həssaslığı təkamül prosesi ilə bağlıdır; əcdadlarımız geosmin qoxusu vasitəsilə su mənbələrini və məhsuldar torpaqları asanlıqla tapıblar.
