Düzgün müraciət forması insanın mənəviyyatını sərgiləyir

Söz – dünyanın tarixi və bəlkə də ondan daha qədimdir desək, yanılmarıq. Söz insan həyatında o qədər böyük önəm daşıyır ki, ağıllı insanlar sözü seçir və “xəsisliklə” ondan istifadə edirlər. Müdriklərin az danışması sözə verdikləri dəyərdən qaynaqlanır. Boşuna deyilmir ki, “danış, tanıyım səni”.
Əminik ki, məntiqimizi hara bağlamaq istədiyimizi böyük maraqla gözləyirsiniz. Elə isə başlayaq.
Bəzən fiziki və əqli imkanları məhdud bir şəxs barəsində söhbət gedərkən o insanın qüsurunu qaba şəkildə dilə gətirərək bəyan etmək böyük hörmətsizlikdir. Müəyyən bir insanı qiyabi tanıdarkən onun özünəməxsus yaxşı-pis cəhətləri ilə deyil, ailəsində yaşayan fiziki qüsurlu insanı nəzərdə tutaraq “kar”, “kor”, “lal”, “çolaq”, “dəli” – “filankəsin filanı” kimi alçaldıcı ifadələrdən istifadə olunur.
Keçmişdə eşq uğruna ağlını itirən kəsə “incə xəstəliyə düşüb” ifadəsi söylənilirdi. Psixoloji xəstə barəsində “dəli”, “divanə” deyə bəhs etmək böyük utanc, ayıb əməl olaraq qəbul edilirdi. Onu daha az incidəcək formada “ruhi xəstə” ifadəsi ilə “yumşaltmağa” çalışırdılar. Bu, yalnız xəstəni incitməmək üçün deyil, eyni zamanda xəstə yaxınına hörmətsizlik edilməməsinə diqqət idi. Məhz bunun kimi hallara istinadən “gedər qılınc yarası, getməz söz yarası” deyimi yaranıb.
Söz yalnız iki insanın və ya toplumun ünsiyyəti deyil. Söz hərb meydanlarında qılıncın deyə bilmədiyini deyən silahdır. Yerində olmayan söz baş kəsər. Necə ki, İldırım Bəyazidin Əmir Teymura yazdığı məktubunda istifadə etdiyi “kəlbi-yəqur” (quduz it) ifadəsi dəhşətli qanlar tökdü.
Şah İsmayıl Xətainin gəraylısında deyildiyi kimi:
“Söz var kəsər savaşı,
Söz var kəsdirər başı…”
İnsanın düzgün danışma bacarığı ilk olaraq daxili mədəniyyətini və intellektual biliyini ortaya qoyur. Lakin bu, elmi, intellekti olmayan insanın danışığını bilməməsi anlamına gəlmir. İnsanın özünə hörməti başqasına müraciətdə əsas amillərdəndir. Şəxsiyyətinə dəyər verən insan kimliyindən asılı olmayaraq qarşısındakı insanla insani şəkildə ünsiyyət qurmağı, müraciət formasını seçməyi bilməlidir. Əks halda, seçdiyi danışıq qəlibi ilə də qarşılığını alacaq.

Tərifə Şükürqızı
