Neft ehtiyatları ilə bağlı xəbərdarlıq

Qlobal neft tədarükündəki fasilələri kompensasiya etmək üçün istifadə olunan ehtiyatlar təhlükəli həddə qədər azalıb.
Faktum.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Saudi Aramco”nun rəhbəri Amin Nasir Londonda keçirilən “Energy Intelligence” forumunda danışıb.
Nasir neft bazarındakı vəziyyətin Hörmüz boğazında gəmiçiliyin bərpasından asılı olduğunu vurğulayıb. Onun fikrincə, boğazdan sərbəst keçidin təmin edilməməsi bazarda problemləri daha da dərinləşdirə bilər.
Şirkət rəhbəri G7 ölkələrinin strateji ehtiyatlarından bazara 100 milyon barelədək neft və dizel yanacağı çıxarılmasının yalnız müvəqqəti təsir göstərəcəyini bildirib. Bu müdaxilə tələb və təklif arasındakı fərqi tam aradan qaldırmağa kifayət etməyəcək.
Nasirin sözlərinə görə, Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunsa belə, ölkələrin azalan ehtiyatlarını əvvəlki səviyyəyə qaytarması iki ilədək çəkə bilər.
O, “Saudi Aramco”nun bir neçə gün ərzində gündəlik hasilatı maksimum dayanıqlı həddə — 12 milyon barelə yüksəltmək imkanına malik olduğunu da açıqlayıb.
Şirkət, həmçinin ixracda ayrı-ayrı marşrutlardan həddindən artıq asılılığı azaltmaq məqsədilə alternativ nəql yolları və ölkə xaricində əlavə saxlama imkanları axtarır.
