Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Heç bir qadın fahişə doğulmur…

25 Sentyabr 2026, 13:00 Cəmiyyət
728×90

Bəzən bir insan haqqında hökm vermək üçün bizə cəmi bir söz kifayət edir.
Amma həmin insanın o nöqtəyə necə gəlib çatdığını öyrənmək üçün bəzən bütöv bir həyat hekayəsini dinləmək lazımdır.
Heç bir qadın fahişə doğulmur.
Heç bir qız uşağı böyüyəndə alçaldılmağı, istismar olunmağı, cəmiyyət tərəfindən barmaqla göstərilməyi arzulamır.
Bəs onda nə baş verir?
Bəzən hər şey ailədən başlayır.
Sevgisiz böyüyən uşaq, zorakılıq görən yeniyetmə, təhsilini yarımçıq qoyan qız, erkən nikaha məcbur edilən qadın, həyat yoldaşı tərəfindən küçəyə atılan ana, maddi asılılıq, işsizlik, aldadılma, insan alveri və istismar…
Əlbəttə, bunların heç biri bütün halları izah etmir və insanın hər davranışına bəraət qazandırmır.
Amma bir həqiqəti də unutmayaq:
İnsanın düşdüyü vəziyyəti mühakimə etməzdən əvvəl onu həmin vəziyyətə gətirən səbəbləri də görmək lazımdır.
Cəmiyyət olaraq bəzən səbəblər qarşısında susuruq, nəticə ortaya çıxanda isə ən ağır hökmü biz veririk.
Qızı ailəsində qoruya bilmirik.
Təhsilinə dəstək olmuruq.
Zorakılıq görəndə “ailəndir, döz” deyirik.
Aldadıldıqda onu günahlandırırıq.
Çıxılmaz vəziyyətə düşəndə əlindən tutmuruq.
Sonra isə onun həyatının nəticəsinə bir ad qoyub kənara çəkilirik.
Mən hüquqşünas və mediator kimi müxtəlif insan taleləri ilə qarşılaşıram. Bu təcrübə mənə bir şeyi öyrədib:
İnsan haqqında hökm vermək asandır. Onun hekayəsini dinləmək isə daha çətindir.
Söhbət hansısa həyat tərzini təbliğ etməkdən və ya ona haqq qazandırmaqdan getmir.
Söhbət insanı damğalamaq əvəzinə problemin səbəblərini görməkdən gedir.
Bəlkə də sualı dəyişməyin vaxtıdır.
“Bu qadın niyə belədir?” demək əvəzinə,
“Bu qadın necə bu nöqtəyə gəlib çatdı?” deyə soruşaq.
Çünki heç bir insan dünyaya üzərində cəmiyyətin sonradan ona yapışdıracağı adlarla gəlmir.

Zaur Quliyev
Hüquqşünas | Mediator

728×90
Paylaş: