Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Xəyanət nədir?

25 Sentyabr 2026, 12:30 Cəmiyyət
728×90

Xəyanət yalnız başqa bir insanla fiziki münasibət qurmaqdırmı?
Bəs həyat yoldaşından gizli yazışmaq? Mesajları silmək? Telefonu gizlətmək? Başqa birinə emosional bağlanmaq? Gizli görüşmək?
Bunlar xəyanət deyilmi?
Məncə, xəyanəti yalnız fiziki münasibətlə məhdudlaşdırmaq düzgün deyil.
Xəyanət ilk növbədə etibarın pozulmasıdır.
İnsan bəzən heç kimlə fiziki münasibət yaşamadan da həyat yoldaşına xəyanət edə bilər. Çünki ailə yalnız nikah şəhadətnaməsi ilə qurulmur. Ailənin görünməyən təməli var: etibar, hörmət, sədaqət və məsuliyyət.
Xəyanət harada başlayır?
Bəlkə ilk gizli mesajda?
Bəlkə həyat yoldaşınız yanınızda olduğu halda başqa bir insanla emosional yaxınlıq qurduğunuz anda?
Bəlkə “bunu bilsə, inciyər” deyib nəyisə gizlətməyə başladığınız yerdə?
Məncə, burada insanın özünə verəcəyi çox sadə bir sual var:
“Həyat yoldaşım bunu bilsəydi, mən yenə də edərdimmi?”
Əgər cavab “yox”dursa, deməli, münasibətdə artıq düşünməyə dəyər bir sərhəd keçilib.
Amma xəyanət yalnız qadınla kişi arasındakı münasibətlə də məhdudlaşmır.
Ailənin bütün pulunu gizlicə xərcləmək, həyat yoldaşından böyük borclar gizlətmək, onun etibar etdiyi sirri başqasına danışmaq, ən ağır günündə yanında olmamaq da ailədə etibarın ciddi şəkildə sarsılmasına səbəb ola bilər.
Bəs hüquq xəyanətə necə baxır?
Burada mənəvi qiymətləndirmə ilə hüquqi qiymətləndirməni bir-birindən ayırmaq lazımdır.
İnsanların “xəyanət” adlandırdığı hər davranış avtomatik olaraq ayrıca hüquqi məsuliyyət yaratmır.
Ailə münasibətlərində baş verən konkret hadisənin hüquqi nəticəsi isə onun xarakterindən asılıdır. Məsələn, əmlak, uşaqlar, zorakılıq, şəxsi həyatın toxunulmazlığı və digər hüquqlar ayrıca hüquqi mübahisənin predmetinə çevrilə bilər.
Ona görə ailə mübahisəsində “mənə xəyanət edib” deməklə, həmin davranışın konkret hüquqi nəticəsinin olması eyni şey deyil.
Xəyanətdən sonra ailə davam edə bilərmi?
Bu suala hüquqşünas cavab verə bilməz.
Bunu yalnız həmin ailənin iki üzvü müəyyən edə bilər.
Bəziləri bağışlayır və münasibəti yenidən qurur. Bəziləri bağışlamağa çalışsa da, əvvəlki etibarı geri qaytara bilmir. Bəziləri isə münasibəti bitirməyi seçir.
Burada universal resept yoxdur.
Amma illər ərzində ailə mübahisələri ilə işləyərkən gördüyüm bir məqam var:
Bəzən ailəni xəyanətin özü yox, itirilmiş etibarı geri qaytara bilməmək dağıdır.
Çünki sevgi davam edə bilər.
Amma etibar bitəndə insan hər gecikmədə şübhə, hər mesajda sual, hər telefon zəngində başqa məna axtarmağa başlayır.
Və bir müddət sonra iki insan eyni evdə yaşasa da, artıq eyni ailədə yaşamır.
Bəlkə də buna görə xəyanət haqqında danışarkən əsas sual:
“Xəyanət etdinmi?” yox,

“Etibarı nə vaxt itirdik?” olmalıdır.


Zaur Quliyev
Hüquqşünas | Mediator

728×90
Paylaş: