CAVABSIZ QALAN ƏSAS SUAL

CAVABSIZ QALAN ƏSAS SUAL:
QANUNLA VERİLMİŞ ƏMLAK HÜQUQU FƏRMANLA DAYANDIRILA BİLƏRMİ?
Özəlləşdirmə payı (çek) sahibləri Prezident İlham Əliyevə yenidən açıq müraciət edirlər
Özəlləşdirmə payı (çek) sahibləri son aylarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxsaylı müraciət və şikayətlər ünvanladıqlarını, lakin qaldırdıqları əsas hüquqi və konstitusion suallara bu günədək mahiyyəti üzrə əsaslandırılmış cavab ala bilmədiklərini bildirərək yenidən mətbuat vasitəsilə dövlət başçısına müraciət ediblər.
Redaksiyamıza təqdim edilmiş geniş hüquqi şikayətdən görünür ki, söhbət artıq sadəcə özəlləşdirmə çeklərinin qiymətindən, onların yenidən istifadə edilməsindən və yaxud vətəndaşlara kompensasiya verilməsindən getmir.
Məsələnin mərkəzində Azərbaycan hüquq sistemi üçün fundamental əhəmiyyət daşıyan bir sual dayanır:
Qanunla vətəndaşa verilmiş əmlak xarakterli hüquq həmin qanun dəyişdirilmədən Prezident fərmanı və ya daha aşağı hüquqi qüvvəli normativ aktla məhdudlaşdırıla və faktiki olaraq istifadəedilməz vəziyyətə salına bilərmi?
Çek sahibləri hesab edirlər ki, bu suala hüquqi cavab verilməsi yalnız onların deyil, Azərbaycanda Konstitusiyanın aliliyi, qanunun üstünlüyü, normativ hüquqi aktların iyerarxiyası, mülkiyyət hüququ və hüquqi müəyyənlik prinsiplərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
QANUN ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİ ÖDƏMƏ VASİTƏSİ KİMİ TANIDI
Müraciət müəlliflərinin əsas hüquqi arqumentlərindən biri “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 10-cu maddəsi ilə bağlıdır.
Həmin qanunvericilik çərçivəsində dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitələri sırasında manatla yanaşı dövlət özəlləşdirmə payları — çekləri də nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə də çeklərin qiymətli kağız olması, onların satılması, bağışlanması, girov qoyulması və vərəsəliklə keçməsi, dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi kimi istifadə edilməsi, istifadə edilmiş çeklərin isə dövriyyədən çıxarılması və ləğv olunması ilə bağlı müddəalar müəyyən edilib.
Məhz buna görə vətəndaşlar soruşurlar:
Əgər qanunla yaradılmış hüquq qüvvədə qalırdısa, həmin hüququn hüquqi nəticəsi qanun dəyişdirilmədən aşağı hüquqi qüvvəli aktla aradan qaldırıla bilərdimi?
MÜBAHİSƏNİN MƏRKƏZİNDƏ 75 SAYLI FƏRMAN DAYANIR
Əsas hüquqi mübahisə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndi ilə bağlıdır.
Həmin müddəa ilə dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvarın 1-dək müəyyən edilib.
Çek sahiblərinin qaldırdığı əsas konstitusion sual isə bundan ibarətdir:
Əgər qanun çekləri dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi kimi tanıyırdısa, həmin hüququn istifadə müddəti qanunun özündə deyil, Prezident fərmanı ilə məhdudlaşdırıla bilərdimi?
Müraciət müəllifləri xüsusi vurğulayırlar ki, bu sual Prezident institutuna qarşı yönəlməyib.
Əksinə, tələb ondan ibarətdir ki, Prezident fərmanının qüvvədə olan qanuna və Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu səlahiyyətli konstitusion orqan tərəfindən mahiyyəti üzrə araşdırılsın.
“TƏDAVÜL”, “DÖVRİYYƏ” VƏ “ÖDƏMƏ VASİTƏSİ” — ÜÇ FƏRQLİ HÜQUQİ MƏSƏLƏ
Şikayətdə xüsusi diqqət çəkilən məsələlərdən biri “tədavül”, “hüquqi dövriyyə” və “ödəmə vasitəsi” anlayışlarının bir-birindən fərqləndirilməsidir.
Çek sahiblərinin hüquqi mövqeyinə görə, çekin bazarda alınıb-satılması, bağışlanması və ya girov qoyulması ilə onun dövlət əmlakının özəlləşdirilməsində qanunla nəzərdə tutulmuş ödəmə funksiyası eyni hüquqi anlayış deyil.
Bu səbəbdən tədavül üçün müəyyən edilmiş müddətin başa çatması ayrıca və aydın qanun norması olmadan çekin təmsil etdiyi əmlak xarakterli hüququn avtomatik ləğvi kimi qəbul edilə bilməz.
Vətəndaşların illərdir cavab gözlədikləri ən sadə, lakin ən fundamental suallardan biri məhz budur:
İSTİFADƏ EDİLMƏMİŞ ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİN TƏMSİL ETDİYİ ƏMLAK HÜQUQUNU HANSI KONKRET QANUN NORMASI LƏĞV EDİB?
Əgər belə bir qanun norması mövcuddursa, vətəndaşlar onun açıq şəkildə göstərilməsini istəyirlər.
Əgər belə bir qanun norması yoxdursa, onda hüququn hansı hüquqi əsasla faktiki istifadəedilməz vəziyyətə gətirildiyinin izah edilməsini tələb edirlər.
2017-Cİ İL RƏSMİ MƏKTUBLARI SUALI DAHA DA CİDDİLƏŞDİRİR
Prezidentə təqdim edilmiş şikayətdə xüsusi diqqət yetirilən hallardan biri 2017-ci ildə qiymətli kağızlar bazarına nəzarət edən dövlət qurumundan verilmiş rəsmi cavablardır.
Müraciət müəlliflərinin təqdim etdikləri sənədlərə görə, 27 iyul 2017-ci il tarixli rəsmi cavabda dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması prosedurunu əks etdirən qaydaların müəyyən edilmədiyi bildirilib.
Bu sənəd mühüm bir hüquqi sual doğurur:
Əgər 2017-ci ildə səlahiyyətli dövlət qurumu çeklərin dövriyyədən çıxarılması prosedurunu əks etdirən qaydaların müəyyən edilmədiyini bildirirdisə, istifadə edilməmiş çeklərin 1 yanvar 2011-ci ildən hüquqi baxımdan dövriyyədən çıxmış və hüquqi-iqtisadi dəyərini itirmiş hesab edilməsinin konkret qanuni əsası nədir?
Çek sahibləri bu məsələyə də mahiyyəti üzrə aydın hüquqi cavab verilməsini istəyirlər.
KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ QƏDƏR GEDİLDİ — ƏSAS ZİDDİYYƏT YENƏ MAHİYYƏTİ ÜZRƏ HƏLL EDİLMƏDİ
Bir qrup vətəndaş, o cümlədən müharibə və əmək veteranları məsələ ilə bağlı məhkəmələrə müraciət ediblər.
Nəhayət, məsələ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qarşısında da qaldırılıb.
Lakin Konstitusiya Məhkəməsi Palatasının 9 iyun 2026-cı il tarixli qərardadı ilə şikayət icraata qəbul edilməyib.
Müraciət müəlliflərinin mövqeyinə görə, nəticədə onların qaldırdıqları qanun–fərman ziddiyyəti mahiyyəti üzrə konstitusion qiymətləndirmə predmeti olmayıb.
Beləliklə, əsas sual yenə cavabsız qalıb:
QANUNLA VERİLMİŞ ƏMLAK HÜQUQU FƏRMANLA MƏHDUDLAŞDIRILA BİLƏRMİ?
Konstitusiya Məhkəməsi Palatasının şikayəti icraata qəbul etməməsi özlüyündə vətəndaşların qaldırdıqları normativ ziddiyyəti aradan qaldırmır.
Məhz buna görə onlar məsələnin artıq Azərbaycan Respublikası Prezidentinin konstitusion səlahiyyətləri çərçivəsində Konstitusiya Məhkəməsi qarşısında qaldırılmasını xahiş edirlər.
PREZİDENTƏ VERİLƏN 6 ƏSAS KONSTİTUSİON SUAL
1. Qüvvədə olan qanunun birbaşa müəyyən etdiyi hüquqi normanı Prezident fərmanı məhdudlaşdıra və ya faktiki olaraq tətbiqdən çıxara bilərmi?
2. Qanunla verilmiş əmlak hüququ qanun dəyişdirilmədən inzibati qərarlar və praktikalarla dayandırıla bilərmi?
3. İstifadə olunmamış çeklərin qanunda nəzərdə tutulmuş qaydada dövriyyədən çıxarılması baş vermədən onların hüquqi və iqtisadi dəyərinin faktiki sıfırlanması mülkiyyət hüququ ilə uzlaşırmı?
4. Əgər qanun qüvvədədirsə və özəlləşdirmə prosesi tam başa çatmayıbsa, qanunla nəzərdə tutulmuş ödəmə vasitəsinin yalnız Prezident fərmanı ilə istifadəsinin dayandırılması normativ hüquqi aktların iyerarxiyası prinsipinə uyğundurmu?
5. Konstitusiyanın qanunun aliliyi və mülkiyyət hüququnun qorunması ilə bağlı tələblərinə baxmayaraq, qanunda açıq şəkildə nəzərdə tutulmayan belə məhdudiyyət Prezident fərmanı və ya qanundan aşağı hüquqi qüvvəli normativ aktla tətbiq edilə bilərdimi?
6. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71, 94, 147 və 149-cu maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli 878-IQ nömrəli Qanunun 1.0.1-ci, 10-cu və digər müvafiq müddəalarına, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə uyğundurmu?
ÇEKİN ÜZƏRİNDƏKİ BİR CÜMLƏ: “DÖVLƏT MÜLKİYYƏTİ İLƏ TƏMİN OLUNUR”
Müraciət müəllifləri başqa bir mühüm fakta da diqqət çəkirlər.
Özəlləşdirmə çeklərinin üzərində:
“Bu özəlləşdirmə çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunur”
ifadəsinin əks olunduğunu bildirirlər.
Vətəndaşların mövqeyinə görə, dövlət tərəfindən buraxılmış qiymətli kağızın üzərində belə təminatın göstərilməsi, qanunvericiliklə çeklərə verilmiş hüquqi status və onların dövlət əmlakının əldə edilməsində istifadəsinin nəzərdə tutulması vətəndaşlarda hüquqi gözlənti yaradıb.
Çoxsaylı vətəndaşlar məhz dövlətin qanunlarına və verdiyi təminatlara inanaraq çeklərini vaxtilə satmadıqlarını, gələcək özəlləşdirmədə istifadə etmək üçün saxladıqlarını bildirirlər.
HEYDƏR ƏLİYEVİN 1995-Cİ İL ÖZƏLLƏŞDİRMƏ SİYASƏTİ VƏ TARİXİ ƏDALƏT
Prezidentə təqdim edilmiş şikayətdə 7 mart 1995-ci ildə özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr edilmiş müşavirədə Prezident Heydər Əliyevin çıxışına da istinad edilir.
Müraciət müəlliflərinin mövqeyinə görə, həmin dövrdə yaradılmış özəlləşdirmə modelinin əsas məqsədlərindən biri Azərbaycan vətəndaşlarının dövlət əmlakının özəlləşdirilməsində iştirakının və milli sərvətdən pay alma imkanının təmin edilməsi idi.
Buna görə də çek sahibləri mövcud problemi təkcə iqtisadi tələb deyil, həm də tarixi ədalət, hüquqi ardıcıllıq və dövlətin vətəndaşa verdiyi təminatlara etimad məsələsi hesab edirlər.
DEPUTAT FAZİL MUSTAFA: “GÖRÜNƏN ODUR Kİ, BU PROBLEMİN HƏLLİNDƏ MARAQLI OLMAYANLAR VAR”
Özəlləşdirmə çekləri məsələsinin həllinin vacibliyini yalnız çek sahibləri qaldırmırlar.
Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa 2026-cı ilin fevralında özəlləşdirmə çekləri ilə bağlı açıqlamasında əllərində çekləri qalan insanların problemini bildiyini və onların hüquqlarının pozulması ilə bağlı iddialarında qanun baxımından haqlı olduqlarını bildirib.
Deputatın xüsusilə diqqətçəkən fikri belə olub:
“Görünən odur ki, bu problemin həllində maraqlı olmayanlar var.”
Fazil Mustafa məsələnin dəfələrlə həm mətbuatda, həm də Milli Məclisdə qaldırıldığını, problem həllini tapana qədər təkliflərin səsləndirilməsinin davam edəcəyini bildirib.
Onun daha bir mühüm fikri bundan ibarətdir ki, vətəndaş ona çatacaq özəlləşdirmə payından faydalanmaq istəyir və bunun qarşısındakı əngəl aradan qaldırılmalıdır.
Deputat daha əvvəlki açıqlamalarında da çekləri vətəndaşların haqqı kimi qiymətləndirərək müvafiq hüquqi mexanizmin tapılmasının zəruriliyini vurğulayıb.
Bu mövqelər göstərir ki, məsələ uzun müddətdir təkcə çek sahiblərinin fərdi tələbi kimi deyil, ictimai və hüquqi problem kimi gündəmə gətirilir.
“BİZ İLK NÖVBƏDƏ KOMPENSASİYA DEYİL, HÜQUQUMUZUN BƏRPASINI İSTƏYİRİK”
Müraciətin mühüm cəhətlərindən biri budur:
Çek sahiblərinin birinci tələbi dövlət büdcəsindən dərhal pul almaq deyil.
Onlar ilk növbədə qanunla tanınmış hüquqlarının bərpasını və istifadə edilməmiş özəlləşdirmə paylarının hüquqi taleyinin müəyyən edilməsini istəyirlər.
Əgər özəlləşdirmə prosesi davam edirsə və gələcəkdə dövlətə məxsus iri müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulursa, çek sahibləri qanunvericiliyin tələbləri nəzərə alınmaqla həmin prosesdə özəlləşdirmə paylarından istifadə imkanının hüquqi baxımdan təmin edilməsini tələb edirlər.
Əgər dövlət bu hüququn həyata keçirilməsinin artıq mümkün olmadığı nəticəsinə gəlirsə, vətəndaşların mövqeyinə görə, həmin əmlak hüququnun taleyi qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır.
Bu halda hüququn taleyi qanunla müəyyən edilməli və Konstitusiyanın mülkiyyət hüququ təminatları nəzərə alınmaqla ədalətli kompensasiya və ya alternativ əmlak mexanizmi məsələsinə baxılmalıdır.
PREZİDENTDƏN İKİ KONKRET ADDIM XAHİŞ OLUNUR
Çek sahiblərinin Prezident İlham Əliyevə təqdim etdikləri şikayətin yekun tələbləri iki əsas istiqamətdədir.
BİRİNCİ — KONSTİTUSİON MƏSƏLƏNİN HƏLLİ
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndinin Konstitusiyanın 13, 29, 71, 94, 147 və 149-cu maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun müvafiq müddəalarına və Mülki Məcəllənin 153.3-cü maddəsinə uyğunluğunun yoxlanılması məsələsinin Prezidentin konstitusion səlahiyyətləri çərçivəsində Konstitusiya Məhkəməsi qarşısında qaldırılması xahiş olunur.
Bu tələb ona görə xüsusi əhəmiyyət daşıyır ki, 9 iyun 2026-cı il qərardadından sonra vətəndaşların qaldırdıqları qanun–fərman ziddiyyəti mahiyyəti üzrə həll edilməyib.
İKİNCİ — ƏMLAK HÜQUQUNUN TALEYİNİN HƏLLİ
Vətəndaşların qanunla verilmiş əmlak xarakterli hüquqlarının hüquqi taleyinin müəyyən edilməsi, özəlləşdirmə paylarından qanunvericiliyə uyğun istifadə imkanının təmin olunması, onların inflyasiyadan qorunan maddi (əmlak) ekvivalentinin hüquqi və iqtisadi əsaslarla müəyyənləşdirilməsi və hüququn bərpası mümkün olmadığı halda Konstitusiyaya uyğun kompensasiya və ya alternativ əmlak mexanizminin hazırlanması xahiş olunur.
“ŞİKAYƏTİMİZİN YENİDƏN EYNİ QURUMLARA GÖNDƏRİLMƏSİNİ DEYİL, HÜQUQİ CAVAB İSTƏYİRİK”
Çek sahibləri xüsusi olaraq xahiş edirlər ki, müraciət sırf iqtisadi və ya inzibati problem kimi qiymətləndirilməsin və yenidən yalnız özəlləşdirməyə cavabdeh icra strukturlarına göndərilməklə yekunlaşdırılmasın.
Çünki onların fikrincə, mübahisənin predmeti artıq Konstitusiyanın aliliyi, qanunla fərman arasındakı hüquqi münasibət, mülkiyyət hüququnun hansı hüquqi aktla məhdudlaşdırıla bilməsi, dövlət tərəfindən yaradılmış hüquqi gözləntinin taleyi və çoxsaylı ailələrin əmlak hüquqlarıdır.
ÇEK SAHİBLƏRİNƏ ÇAĞIRIŞ: MÜRACİƏTİ OXUYUN, RAZISINIZSA, ÖZ ADINIZDAN PREZİDENTƏ GÖNDƏRİN
Məsələnin uzun illərdir hüquqi həllini tapmadığını nəzərə alan müraciət müəllifləri bütün özəlləşdirmə payı sahiblərini Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilmiş müraciət hüququndan istifadə etməyə çağırırlar.
Prezident İlham Əliyevə təqdim edilmiş şikayətin tam mətnini bu məqalənin sonunda verilmiş keçid vasitəsilə əldə etmək mümkündür.
Vətəndaşlara müraciət olunur:
Şikayəti oxuyun.
Hüquqi əsaslarla tanış olun.
Mövqeyi bölüşürsünüzsə, müraciəti öz adınızdan Azərbaycan Respublikasının Prezidentinə göndərin.
Çoxsaylı fərdi müraciətlər problemin neçə vətəndaşa və ailəyə toxunduğunu dövlət orqanlarına daha aydın göstərə və məsələnin səlahiyyətli dövlət strukturlarının diqqətində qalmasına kömək edə bilər.
Burada məqsəd hər hansı qarşıdurma və ya qanunsuz təzyiq yaratmaq deyil.
Məqsəd hər bir vətəndaşın qanuni müraciət hüququndan istifadə etməsi və qaldırılmış konkret konstitusion suallara mahiyyəti üzrə hüquqi cavab verilməsinə nail olmaqdır.
CƏNAB PREZİDENT, BİZ İMTİYAZ DEYİL, HÜQUQİ CAVAB İSTƏYİRİK
Özəlləşdirmə payı sahibləri bildirirlər ki, son aylarda Prezidentə çoxsaylı müraciətlər ünvanladıqları halda əsas hüquqi və konstitusion suallara mahiyyəti üzrə cavab ala bilmədiklərinə görə yenidən mətbuat vasitəsilə dövlət başçısına müraciət edirlər.
Onlar müraciətin Prezident Administrasiyasının müvafiq hüquq strukturları tərəfindən mahiyyəti üzrə araşdırılmasını və qanunla fərman arasında qaldırılmış konstitusion məsələnin hüquqi həllinin təmin edilməsini xahiş edirlər.
Çek sahiblərinin yekun müraciəti belədir:
“Cənab Prezident!
Biz Sizdən imtiyaz istəmirik. Biz qanunun bizə verdiyi hüququn taleyinin qanunla müəyyən edilməsini istəyirik.
Əgər qanun qüvvədədirsə, onun tətbiqi təmin edilməlidir.
Əgər dövlət həmin hüququn həyata keçirilməsini artıq mümkün hesab edirsə, onun hüquqi taleyi Konstitusiyaya və qanuna uyğun şəkildə müəyyən edilməlidir.
Biz qarşıdurma deyil, hüquqi cavab istəyirik.
On minlərlə ailənin uzun illərdir gözlədiyi bu məsələnin hüquqi həllinə və tarixi ədalətin təmin edilməsinə Sizin tərəfinizdən təşəbbüs göstərilməsini xahiş edirik.”
PREZİDENT İLHAM ƏLİYEVƏ GÖNDƏRİLMİŞ ŞİKAYƏTİN TAM MƏTNİ
Yuxarıda özəlləşdirmə payı (çek) sahiblərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim etdikləri geniş hüquqi-konstitusion şikayətin əsas məzmunu təqdim olunub.
Prezident İlham Əliyevə ünvanlanmış şikayətin TAM MƏTNİ, hüquqi əsaslandırmalar, qanunvericilik normaları, sənədlər və irəli sürülən bütün tələblərlə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
PREZİDENTƏ GÖNDƏRİLMİŞ ŞİKAYƏTİN TAM MƏTNİNİ BURADAN OXUYUN VƏ ƏLDƏ EDİN:
https://mega.nz/file/WY1FXCjQ#4IQ3sdRq1CaEIQBH6JAAClBaySV-iCJADK5CCucZ_oU
Mətni oxuyun. Hüquqi əsaslarla tanış olun. Mövqeyi bölüşürsünüzsə, öz adınızdan Azərbaycan Respublikasının Prezidentinə müraciət edin.
Material özəlləşdirmə payı (çek) sahiblərinin redaksiyaya təqdim etdikləri müraciət, Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış geniş şikayət və açıq mənbələrdə dərc edilmiş mövqelər əsasında hazırlanıb.
