Haqqımızda Reklam Əlaqə
160×600
160×600

“Həkəriçay” su anbarı

26 Avqust 2026, 13:48 Siyasət
728×90

“Həkəriçay” su anbarı

 

“Həkəriçay” su anbarı Laçının və bütövlükdə işğaldan azad edilmiş ərazilərin su təminatının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan iri infrastruktur layihələrindən biridir. 2026-cı ilin iyulunda Laçında təməli qoyulan layihəyə əsasən, Azərbaycanın ərazisində formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi isə saniyədə təxminən 10,7 kubmetrdir. Layihənin mühüm xüsusiyyətlərindən biri su ehtiyatının yalnız Laçınla məhdudlaşmaması, geniş regional ərazinin içməli su təminatına xidmət etməsidir. Bunun üçün su anbarından çıxacaq təxminən 172 kilometr uzunluğunda magistral boru kəmərinin inşası nəzərdə tutulur. Bu infrastruktur vasitəsilə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarının, eləcə də digər ərazilərin su təminatının yaxşılaşdırılması və ümumilikdə təxminən 700 min nəfərin içməli suya çıxışının təmin edilməsi planlaşdırılır. Layihə yalnız su toplama və ötürmə funksiyası ilə də kifayətlənmir: magistral sistem üzərində ümumi gücü 10,81 MVt olan üç su elektrik stansiyasının yaradılması nəzərdə tutulur ki, bu da su ehtiyatlarından kompleks və səmərəli istifadə imkanlarını artıracaq. Həkəri çayının əsasən bulaq sularından formalaşması və suyun keyfiyyət göstəricilərinin yüksək olması layihənin içməli su təminatı baxımından əhəmiyyətini daha da artırır. Beləliklə, “Həkəriçay” su anbarı Laçının yenidən qurulması prosesində sadəcə yerli su təsərrüfatı obyekti deyil, əhalinin dayanıqlı içməli su ilə təminatını, yeni yaşayış məntəqələrinin inkişafını, kənd təsərrüfatının və iqtisadi fəaliyyətin su təminatını, həmçinin hidroenerji imkanlarının genişləndirilməsini birləşdirən regional əhəmiyyətli layihə kimi çıxış edir. Layihənin reallaşdırılması Laçın və ətraf rayonlarda Böyük Qayıdışın davamlılığı üçün mühüm infrastruktur bazası formalaşdırmaqla yanaşı, regionun gələcək sosial-iqtisadi inkişafına uzunmüddətli töhfə verməlidir.

 

Zərdab rayon Heydər Əliyev  Mərkəzinin elmi işçisi – Alagöz Namazova

 

728×90
Paylaş: