19 Avqust – Dünya Humanitar Yardım Günü: İnsanlığın xilasına həsr olunan fədakar ömürlər

Faktum.az xəbər verir ki, avqustun 19-u bütün dünyada Dünya İnsanpərvərlik (Humanitar Yardım) Günü kimi qeyd olunur. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2008-ci ildə təsis edilib vən əsas amacı müharibələr, təbii fəlakətlər, epidemiyalar və digər münaqişə zonalarında öz həyatlarını təhlükəyə ataraq ehtiyacı olan insanlara yardım əli uzadan fədakar yardım işçilərinin əməyini qiymətləndirməkdir.
Tarixi kökləri 2003-cü ilin 19 avqustunda BMT-nin Bağdaddakı mənzil-qərargahına edilən terror hücumu zamanı xüsusi nümayəndə Serjio Vieyra di Mellonun və 21 əməkdaşın faciəvi şəkildə həlak olmasına söykənən bu gün, eyni zamanda vəzifə borcunu yerinə yetirərkən dünyasını dəyişən humanitar missiya üzvlərinin xatirəsini ehtiramla yad edir.
BMT-nin məlumatına görə, hər il yüzlərlə humanitar yardım işçisi silahlı hücumlar, qaçırılmalar və mürəkkəb fəlakət şəraitləri ilə üz-üzə qalır ki, bu da beynəlxalq birliyin onların təhlükəsizliyini təmin etmək məsuliyyətini daha da artırır. Bu özəl gün təkcə keçmişdəki fədakarlıqları xatırlatmaqla kifayətlənmir, həm də qlobal miqyasda insanlıq, tərəfsizlik, neytrallıq və müstəqillik kimi təməl insanpərvərlik prinsiplərini təşviq edərək cəmiyyətlərdə həmrəylik vən qarşılıqlı dəstək mədəniyyətini gücləndirməyə xidmət edir.
