Tibbdə həyəcan təbili: Ən təhlükəli superbakteriyanın gizli genetik tarixi açıldı

“EurekAlert” nəşrinin yaydığı məlumata görə, beynəlxalq tədqiqatçılar qrupu qlobal səhiyyə üçün ən böyük təhdidlərdən biri sayılan “Acinetobacter baumannii” bakteriyasının dərmanlara necə məğlubedilməz hala gəldiyini ifşa edib. “Microbial Genomics” jurnalında dərc olunan araşdırma müasir tibbin ən qorxulu superbakteriyalarından birinin əslində bir gecədə peyda olmadığını, onilliklər ərzində xəstəxana palatalarında gizlicə təkamül etdiyini üzə çıxarıb.
Xüsusilə reanimasiya şöbələrindəki ağır xəstələri, zəifləmiş immun sisteminə malik insanları hədəf alan və pnevmoniya, qan dövranı iltihabı kimi ölümcül fəsadlar törədən bu bakteriyanın sirrini həll etmək üçün Böyük Britaniya, Kanada və Meksika alimləri unikal bir üsula əl atıblar. Onlar 1970-ci illərdən 2000-ci illərin əvvəllərinə qədər toplanmış 226 qədim bakteriya nümunəsinin DNT-sini deşifrə edərək, altı qitədən götürülən mindən çox müasir nümunə ilə müqayisə ediblər. Nəticədə patogenin faktiki “şəcərə ağacı” yenidən qurulub.
“Son çarə” antibiotiklərini məhv edən gen
Araşdırmanın aparıcı müəllifi, Şərqi İngiltərə Universitetinin dosenti Benjamin Evansın sözlərinə görə, bakteriya tək bir mutasiya ilə deyil, onilliklər ərzində “dalğalar” şəklində, yavaş-yavaş güclənib. Müvafiq olaraq, 2005-ci ilə qədər bu patogen artıq bütün dünyada dominant mövqeyə yüksəlib.
Təkamül prosesinin ən qorxulu məqamı isə bakteriyanın özünə “oxa23” adlı xüsusi geni inteqrasiya etməsi olub. Bu gen tibbdə digər bütün dərmanlar səmərəsiz qaldıqda “son çarə” kimi istifadə olunan ən güclü karbapenem qrupu antibiotiklərinə qarşı bakteriyaya sarsılmaz bir zireh qazandırıb.
Daha da narahatedici məqam budur ki, bu mikroorqanizm tək bir ştammdan ibarət deyil; alimlər onun ən azı dörd fərqli təkamül qrupunu aşkarlayıblar. Onlardan tamamilə müstəqil inkişaf edən dördüncü qrup hazırda dünyada sürətlə yayılmaqdadır və ekspertlər bu qrupun mövcud müalicə üsullarını tamamilə sıradan çıxaracaq növbəti təhlükəli təkamül mərhələsi ola biləcəyindən ciddi narahatdırlar.
Faktum.az
