Yaşıl Soyqırım: Tikinti maqnatlarının və qanunsuz icarədarların məhv etdiyi gələcəyimiz

Faktum.az bildirir ki, Azərbaycanın həm paytaxtında, həm də bölgələrində son illər ən acınacaqlı və qarşısıalınmaz fəlakətlərdən biri yaşanır – təbiətə qarşı açıq-aşkar yaşıl soyqırım törədilir. Ekologiyanın qorunması, yaşıllıqların artırılması ilə bağlı dövlət səviyyəsində proqramlar qəbul edildiyi, hər il minlərlə ağac əkildiyi bəyan edildiyi bir vaxtda, pərdəarxasında tamamilə fərqli və dəhşətli bir mənzərə hökm sürür. Şəhərlərdə və rayonlarda strateji yaşıllıq zolaqları, meşə massivləri qəsdən, planlı şəkildə məhv edilir, satılır və beton yığınlarına çevrilir. Məsul şəxslərin bu ekoloji cinayətlərə qarşı səssizliyi və ya formal cərimələrlə işi bitmiş sayması isə ölkənin gələcəyini oksigensiz və çılpaq bir səhraya doğru sürükləyir.
Şəhərlərdə, xüsusilə də paytaxt Bakıda sakinlərə nəfəs verən sonuncu yaşıllıq zolaqları, parkların kənarları və ağaclıq sahələr gecə ilə hasarlanır. Bu sahələrdəki onilliklərlə böyüyən ağaclar ya kökündən kəsilir, ya da kəsilməsi üçün qabaqcadan kökünə zəhərli maddələr tökülərək qurudulur. Sonra isə həmin sahələrdə göbələk kimi iaşə obyektləri – restoranlar, kafelər, şadlıq sarayları və ya hündürmərtəbəli binalar boy qaldırır. Piyadaların gəzinti zonaları, uşaqların oynayacağı yaşıl meydançalar kimlərinsə biznes maraqlarına qurban verilir. Sakinlər etiraz edəndə, mətbuat car çəkəndə isə aidiyyəti idarələrin məsul şəxsləri hər dəfə eyni standart cavabla yaxalarını kənara çəkirlər: “Araşdırma aparılır, təqsirkar tapılacaq və cərimə olunacaq”. Lakin heç kim soruşmur ki, kəsilən o nəhəng ağacları kəsiləndən sonra tətbiq edilən bir neçə min manatlıq kompensasiya və ya cərimə geri qaytara bilirmi? Əksinə, bu gülünc cərimələr tikinti maqnatları üçün “ağac kəsməyin rəsmi rüsumu” kimi qəbul edilir – pulunu ödə, ağacı kəs, obyekti tik!
Bölgələrdəki vəziyyət isə şəhərlərdəkindən daha qorxuludur. Rayonlarımızda çoxəsrlik meşə zolaqları, dövlət qoruğu statuslu sahələr amansızca talan olunur. Məsul şəxslərin gözü qarşısında meşələrin sıx ağaclıq hissələri qanunsuz olaraq kəsilərək tikinti materialı kimi satılır. Bununla da doymayan yerli məmurlar və işbazlar meşə fonduna aid olan torpaqları qanunsuz şəkildə əkin sahəsi kimi müəyyən şəxslərə satır və ya uzunmüddətli icarəyə verirlər. Bir neçə il əvvəl gur meşə olan ərazilərdə bu gün qanunsuz şumlama işləri aparılır, kənd təsərrüfatı sahələri salınır. Təbiətin ağciyərləri hesab olunan bu sahələrin məhvi həm də su qaynaqlarının qurumasına, eroziyaya və biomüxtəlifliyin tamamilə yox olmasına gətirib çıxarır. Məsuliyyət daşıyan yerli icra strukturları və ekologiya müfəttişləri isə rayonlarda gedən bu gizli meşə biznesinin içində yer aldıqları üçün hər şeyə göz yumurlar.
Hesab edirik ki, yaşıllıqların bu cür vəhşicəsinə və qəsdən azaldılması sadəcə təbiətə yox, xalqın sağlamlığına qarşı yönəlmiş ağır bir cinayətdir.
