Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Xocalının bərpası və inkişafında Prezident İlham Əliyevin səfərləri

20 Sentyabr 2026, 23:14 Siyasət
728×90

Xocalının bərpası və inkişafında Prezident İlham Əliyevin səfərləri

 

Xocalı Azərbaycanın tarixində xüsusi yeri olan şəhərlərdən biridir. Xocalının işğaldan azad edilməsindən sonra burada həyata keçirilən bərpa və quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Prezident İlham Əliyevin Xocalıya və rayonun yaşayış məntəqələrinə mütəmadi səfərləri zamanı bərpa layihələri, sosial və iqtisadi infrastrukturun yaradılması, tarixi-mədəni irsin qorunması və sakinlərin doğma torpaqlarına qayıdışı ilə bağlı görülən işlər diqqətdə saxlanılır.

Prezident İlham Əliyevin Xocalı rayonuna səfərləri 2023-cü ildən başlayaraq daha geniş xarakter almışdır. 20 iyul 2023-cü ildə Çanaqçı və Sığnaq kəndlərinə baxış keçirilib. 15 oktyabr 2023-cü ildə isə Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb, Əsgəran qalasına baxış keçirilib. Həmin səfərlər Xocalının yaşayış məntəqələrinin və tarixi obyektlərinin gələcək inkişafı ilə bağlı işlərin başlanması baxımından əhəmiyyətli mərhələ olmuşdur.

2023-cü ilin dekabrında Xocalının Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinə baxış keçirilib. 26 fevral 2024-cü ildə Xocalı Soyqırımı Memorialının təməli qoyulub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. 28 may 2024-cü ildə Xocalı şəhərində təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanışlıq olub, şəhərə köçən sakinlərlə görüş keçirilib. Həmin ilin iyulunda Xocalı hava limanına baxış keçirilməsi də rayonun nəqliyyat və infrastruktur imkanlarının inkişafı istiqamətində görülən işlərin tərkib hissəsi olmuşdur.

2025-ci ildə Xocalıda bərpa-quruculuq və iqtisadi inkişaf layihələri daha da genişləndirilmişdir. Fevral ayında Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq keçirilib, Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası işlərinə baxılıb. Mayın 9-da “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Yeni yarımstansiyanın yaradılması Xocalı rayonunda qurulan yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də digər sosial-iqtisadi infrastrukturun elektrik enerjisi ilə etibarlı təminatına xidmət edir. Eyni səfər çərçivəsində Xanabad kəndində heyvandarlıq kompleksinin açılışı keçirilib.

2025-ci ilin iyulunda Təzəbinə kəndində görülən işlərlə tanışlıq keçirilib, Xocalı kərpic zavodu istifadəyə verilib və Xanyurdu kəndinin sakinləri ilə görüş olub. Sentyabr ayında isə Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə baxış keçirilib, kəndlərin sakinləri ilə görüşlər təşkil olunub. Bu səfərlər zamanı yaşayış evlərinin bərpası, elektrik, qaz, su, rabitə və yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin icrası nəzərdən keçirilib. Məsələn, Şuşakənddə sosial infrastrukturun bərpası ilə yanaşı, yaşayış evlərinin mərhələli şəkildə yenidən qurulması və sakinlərin kəndə qayıdışı həyata keçirilir.

2026-cı il fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı keçirilib. Memorial Prezident İlham Əliyevin 2025-ci ildə imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Mayın 28-də isə Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq keçirilib və Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışı olub. Müəssisədə ildə 1,4 milyon ədəd tekstil məhsulunun istehsalı nəzərdə tutulur.

Prezident İlham Əliyevin Xocalıya və rayonun yaşayış məntəqələrinə səfərlərinin xronologiyası göstərir ki, burada həyata keçirilən proses yalnız yaşayış məntəqələrinin fiziki bərpası ilə məhdudlaşmır. Paralel olaraq yol, enerji, kommunal və sosial infrastruktur yaradılır, kənd təsərrüfatı və sənaye müəssisələri fəaliyyətə başlayır, tarixi-mədəni irs obyektlərinin qorunması və sakinlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu istiqamətdə görülən işlər Xocalının Böyük Qayıdış çərçivəsində mərhələli şəkildə yenidən qurulmasını və davamlı yaşayış məkanı kimi inkişaf etdirilməsini nəzərdə tutur.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

728×90
Paylaş: