Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ağdərənin bərpası və inkişafında Prezident İlham Əliyevin səfərləri

20 Sentyabr 2026, 23:15 Siyasət
728×90

Ağdərənin bərpası və inkişafında Prezident İlham Əliyevin səfərləri

 

Ağdərə rayonunun işğaldan azad edilməsindən sonra ərazidə bərpa və quruculuq işlərinin həyata keçirilməsinə başlanılmış, yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun yaradılması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Prezident İlham Əliyevin Ağdərəyə mütəmadi səfərləri zamanı rayonun inkişafı ilə bağlı layihələrin icrası, yaşayış məntəqələrində görülən işlər və sakinlərin məskunlaşması məsələləri diqqətdə saxlanılır.

Prezident İlham Əliyevin Ağdərəyə ilk səfəri 15 oktyabr 2023-cü ildə baş tutmuşdur. Həmin səfər zamanı Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır. Rəsmi məlumatda qeyd olunur ki, Ağdərə şəhəri 2023-cü il sentyabrın 20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qaytarılmışdır. Dövlət Bayrağının ucaldılması şəhərdə dövlət suverenliyinin bərpasının mühüm simvolik hadisələrindən biri olmuşdur.

18 mart 2025-ci ildə Prezident İlham Əliyevin Ağdərəyə səfəri zamanı rayonun nəqliyyat, yaşayış və sosial infrastrukturu ilə bağlı bir sıra layihələr təqdim edilmişdir. Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolu istifadəyə verilmiş, Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalı alovlandırılmışdır. Həmin səfər çərçivəsində Suqovuşan kəndində yeni yaşayış kompleksinin açılışı keçirilmiş və yeni mənzillərə köçən sakinlərə evlərin açarları təqdim edilmişdir. Suqovuşan kəndində məscidin də açılışı olmuşdur.

21 avqust 2025-ci ildə Ağdərənin Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq keçirilmiş, Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüş olmuşdur. Rəsmi məlumatlara əsasən, Kolatağda 26 fərdi ev əsaslı şəkildə bərpa edilmiş, 2025-ci il avqustun 15-də 26 ailə, ümumilikdə 89 nəfər doğma kəndinə qayıtmışdır. Bu proses Ağdərədə Böyük Qayıdışın yaşayış məntəqələri üzrə mərhələli şəkildə həyata keçirildiyini göstərir.

13 yanvar 2026-cı ildə Prezident İlham Əliyevin Ağdərəyə səfəri rayonun sosial-iqtisadi inkişafı və gələcək şəhərsalma quruluşu baxımından mühüm layihələri əhatə etmişdir. Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərində görülən işlərə baxış keçirilmiş, Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq olmuşdur. Həmçinin “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı keçirilmiş və Ağdərə şəhərinin Baş planı təqdim edilmişdir.

Ağdərə şəhərinin Baş planına əsasən, şəhərin məskunlaşma ərazisinin 444 hektardan 522 hektara çatdırılması və 20 illik perspektiv dövrdə əhalisinin 14 min nəfərə qədər olması nəzərdə tutulur. Baş planda yaşayış sahələri ilə yanaşı, şəhər mərkəzi, ictimai-işgüzar zonalar, terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır. Həmin səfər zamanı Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin də təməli qoyulmuşdur.

Prezident İlham Əliyevin Ağdərəyə səfərlərinin xronologiyası rayonda həyata keçirilən bərpa prosesinin əsas istiqamətlərini əks etdirir. Dövlət bayrağının ucaldılmasından yaşayış məntəqələrinin bərpasına, yeni mənzillərin sakinlərə təqdim edilməsindən enerji və nəqliyyat infrastrukturunun yaradılmasına, sənaye layihələrinin icrasından Ağdərə şəhərinin Baş planının hazırlanmasına qədər müxtəlif sahələri əhatə edən tədbirlər rayonun gələcək inkişafına yönəldilmişdir. Ağdərədə aparılan işlər Böyük Qayıdış çərçivəsində əhalinin mərhələli şəkildə doğma yaşayış məntəqələrinə qayıtması və burada dayanıqlı yaşayış mühitinin formalaşdırılması istiqamətində davam etdirilir.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

728×90
Paylaş: