Suverenliyin təmin edilməsi üçün atılan ilk addım – Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması

Suverenliyin təmin edilməsi üçün atılan ilk addım – Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir.
Azərbaycan xalqı uzun illər ərzində öz ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunacağı günü böyük inamla gözləyib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Bununla da Azərbaycan öz ərazisində dövlət hakimiyyətinin tam təmin olunmasına nail oldu və uzun illər davam edən separatizmə son qoyuldu.
20 sentyabr Azərbaycan tarixinin ən mühüm və qürurverici səhifələrindən birini təşkil edən əlamətdar gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə məhz bu günün Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi xalqımızın milli iradəsinin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün bərpasının tarixi əhəmiyyətini bir daha nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.
Bu hadisə Azərbaycanın suveren hüquqlarının praktiki müstəvidə təmin olunmasının göstəricisi idi. Azərbaycan öz ərazisində təhlükəsizlik və nəzarət tədbirlərini həyata keçirmək hüququna malik olduğunu nümayiş etdirdi. Bununla belə, Qarabağda qanunsuz silahlı birləşmələrin mövcudluğu və Ermənistanın bölgəyə hərbi təchizat göndərmək cəhdləri təhlükəsizlik üçün ciddi risk olaraq qalırdı.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru
