Sürət əsrində daxili sükut

Müasir dünyada hər şey sürətlənir. Tez gələn mesajlar, saniyələr içində sürüşdürüb keçdiyimiz videolar, anlıq diqqət tələb edən bildirişlər… Lakin bu sürətin arasında gözümüzdən qaçan çox vacib bir məfhum var – Yavaşlamağın dəyəri.
Psixoloqlar bildirirlər ki, insan beyni heç vaxt indiki qədər intensiv məlumat axınına məruz qalmayıb. Bəs bu qədər informasiya bizi daha ağıllı, yoxsa daha yorğun edir?
Gün ərzində yüzlərlə fərqli mövzu arasında çabalayarkən əslində diqqət parçalanması yaşayırıq. Özümüzə verdiyimiz kiçik pauzalar – sakit bir fincan çay içmək, pəncərədən küçəni izləmək və ya sadəcə 10 dəqiqə heç nə düşünmədən oturmaq beynin yenidən yüklənməsi (reset olunması) üçün ən effektiv yoldur.
Bəs, hərdən sakitliyi seçmək niyə bu qədər önəmlidir?
Sən demə dincəlmək yeni yaradıcılıq qığılcımlarının yaranmasına səbəb olur. Ən yaxşı ideyalar adətən intensiv tələsik iş görərkən yox, beynimiz dincələrkən – məsələn, gəzinti zamanı və ya musiqi dinləyərkən gəlir.
Bəs emosional balansı necə qoruyaq?
Ətrafdakı xaosu idarə edə bilməsək də, ona necə reaksiya verəcəyimizi seçə bilərik. Yavaşlamaq bizə anlıq reaksiya vermək əvəzinə, düşünülmüş qərar vermək imkanı yaradır.
Həyat gələcəkdə çatacağımız bir nöqtə deyil, elə indiki anların toplusudur!

Şəhla İlkay
