Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

13 Oktyabr 2026, 20:18 Siyasət
728×90

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

Azərbaycan ilə Kamboca arasında münasibətlərin mühüm istiqamətlərindən birini beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinin qorunması təşkil edir. Hər iki ölkə sülh və sabitliyi davamlı inkişafın, iqtisadi tərəqqinin və xalqların rifahının təmin edilməsi üçün əsas şərtlərdən biri hesab edir. Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətə, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə və beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə riayət olunması xüsusi əhəmiyyət daşıyır. Bu prinsiplər dövlətlər arasında etimadın möhkəmləndirilməsi və münaqişələrin qarşısının alınması üçün fundamental əsasdır.

Azərbaycan uzun illər ərzində ərazilərinin işğalı, ərazi bütövlüyünün pozulması və bunun doğurduğu ağır humanitar nəticələrlə üzləşmişdir. Təxminən 30 il davam edən işğal dövründən sonra ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmişdir. Bu gün Azərbaycanın bütün əraziləri dövlətimizin suverenliyi və nəzarəti altındadır. Bununla yanaşı, münaqişənin nəticələrinin aradan qaldırılması, azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın təmin edilməsi və həmin torpaqların ölkənin iqtisadi və sosial həyatına reinteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” Proqramı mərhələli şəkildə icra olunur. Artıq bu ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses insanların öz doğma yurdlarında təhlükəsiz və layiqli həyat şəraitinə qovuşması, sosial-iqtisadi fəallığın bərpası və ölkənin ümumi inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, görülən işlər münaqişədən sonrakı dövrdə sülhün möhkəmləndirilməsinin yalnız siyasi razılaşmalarla məhdudlaşmadığını, həmçinin genişmiqyaslı humanitar və iqtisadi tədbirlər tələb etdiyini göstərir.

Azərbaycan və Kambocanın keçmişdə üzləşdiyi çətinliklər və təhlükəsizliklə bağlı təcrübələri bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma və təcrübə mübadiləsi üçün zəmin yaradır. Bu baxımdan, hər iki ölkənin beynəlxalq hüquqa əsaslanan münasibətlərin inkişafına, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına verdiyi əhəmiyyət ikitərəfli əməkdaşlığın vacib istiqamətlərindən biridir. Beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların müvafiq qərarlarına hörmətlə yanaşılması dövlətlər arasında münasibətlərin proqnozlaşdırıla bilən və sabit əsaslar üzərində qurulmasına xidmət edir. Azərbaycan ilə Kamboca arasında sülh və təhlükəsizlik məsələləri üzrə dialoqun inkişaf etdirilməsi, beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın gücləndirilməsi və çoxtərəfli platformalarda qarşılıqlı təmasların davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnanırıq ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, beynəlxalq öhdəliklərə sadiqlik və dinc əməkdaşlıq prinsipləri əsasında qurulan münasibətlər ölkələrimizin tərəfdaşlığının daha da möhkəmlənməsinə və beynəlxalq sabitliyin gücləndirilməsinə töhfə verəcəkdir.

 

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

728×90
Paylaş: