Novxanı sahilində növbəti “işğal”: Beton tökürlər, şlaqbaum qoyurlar, Sumqayıt İH isə susur!

Xəzər dənizinin dövlət mülkiyyətində olan sahil zolağı növbəti dəfə şəxsi maraqların qurbanına çevrilir.
Redaksiyamıza daxil olan müraciətlər və tərəfimizdən aparılan media monitorinqi zamanı Sumqayıt şəhər inzibati ərazisinə daxil olan Novxanı çimərliyində, “Yelkən” restoranının yaxınlığındakı sahil xəttində ciddi qanunsuzluqlar lentə alınıb.
Faktum.az xəbər verir ki, sözügedən ərazidə – Xəzərin qanunla qorunan 20-50 metrlik mühafizə zolağında intensiv qazıntı və beton-bünövrə işləri aparılır. Bununla da kifayətlənməyən şəxslər əraziyə şlaqbaum quraşdıraraq, vətəndaşların dəniz sahilinə sərbəst gediş-gəlişini tamamilə məhdudlaşdırıblar.
Azərbaycan Respublikasının Torpaq və Su Məcəlləsinin tələblərinə əsasən, dənizin sahil zolağı dövlət mülkiyyətindədir və bu ərazilər ictimaiyyət üçün açıq olmalıdır. Sahil xəttinin zəbt edilməsi, orada beton bünövrəli obyektlərin inşası və girişin şlaqbaumla kəsilməsi birbaşa qanunvericiliyin kobud şəkildə pozulması deməkdir.
Məsələyə aydınlıq gətirmək və tikintinin hüquqi əsaslarını öyrənmək məqsədilə redaksiyamız tərəfindən iyul ayının 13-də Sumqayıt Şəhər İcra Hakimiyyətinə “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” Qanunun tələblərinə uyğun olaraq rəsmi informasiya sorğusu ünvanlanıb. Sorğuda aparılan tikintinin qanuniliyi, İcra Hakimiyyəti, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəsmi icazə və ekoloji rəyin verilib-verilməməsi, sahil zolağının hansı hüquqi əsasla zəbt olunması və vətəndaşların gediş-gəlişinə qoyulan qadağa ilə bağlı yoxlamanın aparılıb-aparılmaması barədə konkret suallar qoyulmuşdu. Lakin sorğunun ünvanlandığı gündən bəri keçən müddət ərzində Sumqayıt Şəhər İcra Hakimiyyətindən heç bir cavab verilməyib.
Qanunla müəyyən olunmuş cavablandırma müddəti bitsə də, icra hakimiyyəti susmağa və özbaşınalığa seyrçi qalmağa üstünlük verir. Dövlət qurumunun qanuni informasiya sorğusunu cavabsız buraxması yalnız media hüququnun pozulması deyil, həm də Novxanı sahilindəki qanunsuzluğa şərait yaradıldığına dair ciddi şübhələr doğurur.
Faktum.az olaraq aidiyyəti dövlət qurumlarını – Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Fövqəladə Hallar Nazirliyini və Baş Prokurorluğu Novxanı sahilindəki bu özbaşınalığa və Sumqayıt Şəhər İcra Hakimiyyətinin cavabsızlıq nümayiş etdirən mövqeyinə hüquqi qiymət verməyə çağırırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
