Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə yenidən qurulan ərazilər kimi deyil, həm də Azərbaycanın qədim tarixinin izlərini özündə yaşadan məkanlar kimi diqqət çəkir. Bu ərazilərə xarici diplomatların səfərləri həmin tarixi irsin yerində görülməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Lakin belə səfərlərin erməni revanşist dairələrində narahatlıq və etiraz doğurması göstərir ki, regionun tarixi ilə bağlı mübahisələr hələ də siyasi məqsədlər üçün istifadə olunur.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı bölgədə aparılan bərpa-quruculuq işləri, tarixi və mədəni abidələr, eləcə də mövcud vəziyyətlə bağlı məlumatlar təqdim olunur. Diplomatların öz gözləri ilə gördükləri faktlar region haqqında birtərəfli təsəvvürlərin aradan qalxmasına imkan yaradır.
Bu səfərlərə erməni revanşist qüvvələrinin reaksiyası isə təsadüfi deyil. Çünki Qarabağın və ətraf rayonların tarixinin beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunması bəzi dairələrin uzun illər yaydığı yanlış təsəvvürlərlə ziddiyyət təşkil edir. Xüsusilə Azərbaycan ərazisindəki qədim Qafqaz Albaniyası irsinin kimə məxsus olması məsələsində tarixi faktların ön plana çıxması müəyyən siyasi qrupları narahat edir. Qafqaz Albaniyası qədim dövrlərdə Azərbaycanın ərazisində mövcud olmuş dövlətlərdən biri hesab olunur. Onun siyasi və mədəni irsi ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda qorunub saxlanılan tarixi abidələrdə öz əksini tapır. Qədim kilsələr, məbədlər, yaşayış məskənləri və digər arxeoloji nümunələr bu ərazilərin zəngin keçmişindən xəbər verir.
Erməni revanşist dairələrinin xarici diplomatların bu səfərlərinə kəskin münasibət bildirmələri isə başqa bir həqiqəti ortaya qoyur: tarixə münasibət hələ də regiondakı siyasi mübarizənin alətlərindən biri kimi istifadə edilir. Halbuki tarixi irs qarşıdurma vasitəsi deyil, xalqları və mədəniyyətləri tanımağa imkan verən ümumi dəyər olmalıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ölkə ərazisindəki bütün tarixi və mədəni irs qorunmalı, onun tədqiqi elmi prinsiplər əsasında aparılmalıdır. Qafqaz Albaniyası irsi də bu ümumi tarixi mənzərənin mühüm hissəsidir.
Diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfərləri belə faktların beynəlxalq ictimaiyyətə çatdırılması üçün əhəmiyyətli platformadır. Çünki tarixi hadisələri uzaqdan şərh etməkdən daha doğru yol həmin ərazilərə gedərək abidələri, yaşayış məskənlərini və aparılan işləri yerində görməkdir. Bu gün Qarabağda yeni həyat qurulur. Bununla yanaşı, bölgənin qədim tarixinin öyrənilməsi və qorunması da davam edir. Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsinin araşdırılması təkcə keçmişin öyrənilməsi deyil, gələcək nəsillərə doğru tarixi məlumatların çatdırılması baxımından da vacibdir.
Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov
