Müstəqilliyin və zəfərin təntənəsi

Müstəqilliyin və zəfərin təntənəsi
Müstəqillik və suverenlik hər bir xalqın tarixi varlığının, milli kimliyinin və dövlətçilik ənənələrinin əsas təminatıdır. Azərbaycan xalqı əsrlər boyu müxtəlif sınaqlarla, işğal və məhrumiyyətlərlə üzləşsə də, onun azadlıq və müstəqillik əzmini heç bir qüvvə sarsıda bilməmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamda da qeyd edildiyi kimi: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Azərbaycanın dövlətçilik tarixində suverenliyin tam bərpası uzun və mürəkkəb mübarizənin məntiqi nəticəsi olmuşdur. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün böyük hissəsi bərpa edilsə də, Qarabağda mövcud olan separatçı rejim dövlət suverenliyimizin bütün ərazilərimizdə tam təmin olunmasına maneə olaraq qalırdı. Bu səbəbdən Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri dövlət sərhədləri və əraziləri üzərində tam nəzarətin təmin edilməsi idi. Bu istiqamətdə atılan mühüm strateji addımlardan biri 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addımla Azərbaycan dövlət sərhədinə nəzarəti təmin etdi, qanunsuz hərbi daşımaların, canlı qüvvə və silah-sursatın qanunsuz şəkildə əraziyə daxil edilməsinin qarşısının alınması istiqamətində mühüm imkan əldə etdi. Bununla da Qarabağdakı separatçı rejimin mövcudluğunu təmin edən əsas logistik imkanlar əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı. Nəhayət, 2023-cü il sentyabrın 19-da başlayan və 24 saatdan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini bütün ərazisində tam təmin etdi. Separatçı qüvvələrin silahlı fəaliyyətinə son qoyulması ilə Azərbaycanın Konstitusiyasının və dövlət qanunlarının ölkənin bütün ərazisində tətbiqi üçün şərait yarandı. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bu tarixi hadisənin əhəmiyyətini belə ifadə etmişdir: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”. Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan bu hadisənin siyasi və tarixi mahiyyətini əks etdirir. Suverenliyin ölkənin bütün ərazisində bərqərar olunması dövlət institutlarının vahid hüquqi məkan çərçivəsində fəaliyyət göstərməsinə, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsinə, Böyük Qayıdış prosesinin sürətləndirilməsinə və regionda davamlı sülh üçün yeni imkanların yaranmasına şərait yaratmışdır. 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın milli həmrəyliyinin, dövlətimizin qətiyyətinin və Azərbaycan Ordusunun gücünün rəmzlərindən biridir. Bu əlamətdar tarix dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasının, milli iradəmizin və dövlətçilik ənənələrimizin gələcək nəsillərə ötürülməsinin vacibliyini bir daha nümayiş etdirir. Bu tarixi zəfər gələcək nəsillərə əmanət edilən böyük milli irsdir. Üçrəngli bayrağımızın suveren Azərbaycanın bütün ərazilərində əbədi dalğalanması xalqımızın milli qürurunun, dövlət müstəqilliyimizin və ölkəmizin ərazi bütövlüyünün təcəssümüdür.
İlkin Əliyev,
YAP Zərdab rayon təşkilatının sədri
