Kağız üzərindəki müfəttişlik –14 saatlıq köləlik

Dövlət hər hansı bir nazirliyin nəzdində idarə yaradırsa, o nazirliyin səlahiyyətləri daxilində qanunvericiliyə nəzarəti həmin idarəyə həvalə edir.
İqtisadiyyat nazirliyi, vergi nəzarətini, Fövqaladə Hallar Nazirliyi təhlükəsizliyin təminatı, Sanitar Epidemiologiya Mərkəzi, sanitar gigiyena qaydalarını, Əmək müfəttişliyi işçinin əmək hüquqlarını müdafiə etmək üçün dövlət büdcəsindən maliyələşdirilən qurumlardandırlar.
Biz digərlərini deyil, təkcə Əmək Müfəttişliyinin fəaliyyəti barədə söhbət açmaq istəyirik.
1998-ci ildən fəaliyyətə başlayan Əmək Müfəttişliyi artıq beş ildən çoxdur ki, sadəcə sənəd üzərində fəaliyyət göstərir.
Bir-birinin ardından dəyişdirilən rəislər hər biri yeni komandası ilə meydana atıldı və hər dəfə hüquqları tapdanan işçi ordusu yeni ümidə sarıldı, yenə olmadı.
Kadr siyasətində səbatsız aparılan seçimlər, təcrübəli kadrların işdən uzaqlaşdırılması, yenilərinin işə alınması əmək mübahisələrinə son qoya bilmədi. Əslində heç qoymaq istəmədi. Hansısa bir məmura aid ticarət, iaşə, istehsalat və ya tikinti obyeklərinin sahibkarlarına Əmək məcəlləsinin müddəaları tətbiq olunmur. Olunduqda da işçinin deyil öz maraqlarını təmin edilir. Əmək məcəlləsində işçini müdafiə edən hallara göz yumulur. 12 hətta 14 saat işləyən işçilər görməzdən gəlinir. Haqqını tələb edən işçilər ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılır. Əmək müfəttişliyinə müraciət edib, haqqını qorumağı istədikdə: “Bizə yoxlamalar qadağan olunub, məktub göndərmişik” caabını verməklə vəzifə borclarını bitirmiş hesab edirlər. İşçinin hansı şəraitdə işləməsi, neçə saat işləməsi, bayram günlərində işləməsi, 3 növbəli işlərin iki növbəyə endirilməsi, istehsalatda baş verən bədbəxt hadisələr və.s kimi işçini əzən minlərlə hallar görməzdən gəlinir.
Bəlkə sahibkarlar Əmək Müfəttişliyi ilə gizli sövdələşmə aparırlar ki, bizim kölə etdiyimiz işçilərimizin hüquqlarını görməzdən gəlin, biz də sizi nəinki böyük eynəklə, mikroskopun böyüdücü şüşələri ilə görəcəyik.
Babalı öz boyunlarına. Üstəlik tapdanan haqq və hüquqlarına göz yumulan, ən aşağı əmək haqqı ilə 12-14 saat ayaq üstə çalışan işçilərin haqları da boyunlarına.
Tərifə Şükürqızı
