Hüznün və qürurun qırmızı simvolu: Qərənfil haqqında hər kəsin bilmədiyi gizli həqiqətlər

Faktum.az xəbər verir ki, qərənfil sadəcə bir matəm gülü deyil, kökləri qədim mifologiyaya və dərin fəlsəfəyə dayanan ən sirli bitkilərdən biridir.
Elmi adı Dianthus olan bu çiçək yunan dilindən tərcümədə “Zevsin gülü” və ya “Tanrıların çiçəyi” mənasını verir və qədim Romada qələbə çələnglərinin əsas elementi sayılaraq imperatorların, qəhrəmanların qürur rəmzi olub.
Xristian rəvayətlərində isə qırmızı qərənfilin İsa peyğəmbərin çarmıxa çəkilməsi zamanı Məryəm ananın yerə tökülən göz yaşlarından cücərdiyi və buna görə də “fədakar ana sevgisi” və “əbədi bağlılıq” ifadə etdiyi bildirilir. Bəs necə oldu ki, qədim dövrlərin bu lüks və ilahi gülü zamanla matəm, xüsusən də məzar üstünə qoyulan bir çiçəyə çevrildi? Dünyada bu ənənənin kökü onun qoxusunun kəskinliyi və dözümlülüyü ilə bağlıdır; digər güllər bir neçə günə solduğu halda, qərənfil saplağı kəsildikdən sonra belə həftələrlə təravətli qalır ki, bu da qədim xalqlar tərəfindən ölən insanın ruhuna olan “əbədi sevgi və xatirə“nin rəmzi kimi qəbul edilib.
Avropada və xüsusən də keçmiş SSRİ məkanında qırmızı qərənfil həm də inqilabın, tökülən qanların və vətən uğrunda canından keçən döyüşçülərin cəsarət simvolu kimi rəsmiləşdirildi. Azərbaycan xalqının yaddaşında isə qərənfil büsbütün fərqli, həm çox ağrılı, həm də olduqca müqəddəs bir yerə sahibdir. 1990-cı ilin 20 Yanvar qırğınından sonra Bakının küçələrini bürüyən qırmızı qərənfillər o gündən bəri sadəcə bir ölüm çiçəyi deyil, azadlıq fədailərinin, şəhidlərin qürur, şərəf və milli dirçəliş rəmzinə çevrildi.
Qərənfil əslində insanın bu dünyadan köçən yaxınlarına “səni unutmadım və heç vaxt unutmayacam” deməsinin vizual dilidir və məhz bu sarsılmaz dözümlülüyünə görə məzarların üzərini bəzəyən əsas sükut elçisidir.
Jalə Asiman
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
