Hər halqa bir ilin yaddaşı

Faktum.az xəbər verir ki, kəsilmiş ağac gövdəsinə diqqətlə baxdıqda mərkəzdən kənara doğru uzanan konsentrik dairələr əslində bitkinin ömür salnaməsini daşıyır. Botanika və dendroxronologiya elminin məlumatına görə, ağacların yaşını gövdə halqaları göstərir; hər il əmələ gələn artım halqaları ağacın yaşı və keçdiyi iqlim şəraiti barədə məlumat verir, bəzi hallarda isə ağacın həyatında baş vermiş xüsusi hadisələrin izini saxlayır.
Mövsümi iqlim dəyişikliklərinin aydın hiss olunduğu bölgələrdə ağacın gövdəsindəki kambium qatı yaz və yay aylarında daha sürətlə bölünərək açıq rəngli, geniş hüceyrəli oduncaq təbəqəsi yaradır, payız və qışa doğru isə böyümə zəifləyir, hüceyrələr daha sıx və tünd rəngli olur – bu cütlük bir illik halqanı formalaşdırır. Yağıntılı və əlverişli illərdə halqalar daha qalın, quraq və ya soyuq illərdə isə nazik olur; hətta meşə yanğınları, zərərvericilər və ya torpaq sürüşməsi kimi hadisələr belə halqaların formasında və rəngində öz əksini tapa bilir.
