Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır

Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır
Laçında aparılan genişmiqyaslı quruculuq işləri şəhərin və rayonun simasını köklü şəkildə dəyişdirərək burada yaşayış, sosial rifah, məşğulluq, nəqliyyat və iqtisadi fəallığı birləşdirən yeni inkişaf modelinin formalaşmasına şərait yaradır. İşğaldan azad olunandan sonra başlayan proses çərçivəsində Laçın şəhərində yaşayış binaları, fərdi evlər, inzibati və sosial obyektlər, yollar, parklar, kommunikasiya xətləri və digər infrastruktur obyektləri yenidən qurulur. Şəhərin baş planına əsasən, əvvəlki mərhələdə 700 bina, o cümlədən 620 fərdi ev, 9 çoxmənzilli yaşayış binası və 71 inzibati bina üzrə işlər həyata keçirilib; şəhərdə 7 park, idman kompleksi və Həkəri çayı ətrafında istirahət zonası yaradılır. Quruculuq prosesinin əsas istiqamətlərindən biri əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bunun üçün yeni yaşayış məhəllələri yalnız mənzillərlə deyil, məktəb, tibb məntəqəsi, xidmət sahələri, yollar, su, elektrik, qaz və rabitə infrastrukturu ilə kompleks şəkildə qurulur. Laçının Bəylik kəndində 29,6 hektar ərazidə 91 fərdi ev inşa edilib və kəndə 90 ailənin, ümumilikdə 360 nəfərin köçürülməsi nəzərdə tutulub. Kənddə küçələrin işıqlandırılması və sosial obyektlərin enerji təminatında günəş panellərindən istifadə edilməsi də müasir və ekoloji yanaşmanın tətbiqini göstərir. Laçının yenidən canlandırılmasında nəqliyyat infrastrukturu da xüsusi əhəmiyyət daşıyır. 2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı mürəkkəb dağlıq relyefdə inşa olunmuş və işğaldan azad edilmiş ərazilərdə yaradılan üçüncü beynəlxalq hava limanı kimi bölgənin nəqliyyat imkanlarını genişləndirib. Hava limanının yaradılması Laçının yalnız rayon daxilində deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməsi üçün yeni imkanlar yaradır. Quruculuq iqtisadi həyatın dirçəldilməsini də əhatə edir. Laçın Aqro-Sənaye Parkında artıq 12 müəssisə fəaliyyət göstərir, yeni müəssisələrin istifadəyə verilməsi ilə məşğulluq imkanlarının artırılması nəzərdə tutulur. 2025-ci ildə fəaliyyətə başlayan “LATIFA” Laçın tikiş fabrikinə 1,2 milyon manat investisiya qoyulub və müəssisədə 30 yeni iş yerinin yaradılması planlaşdırılıb. Bu cür layihələr göstərir ki, Laçına qayıdış yalnız insanların yaşayış evləri ilə təmin olunması deyil, onların iş və gəlir imkanlarının formalaşdırılması prinsipi əsasında həyata keçirilir. Beləliklə, Laçında aparılan quruculuq işlərinin miqyası şəhərin sadəcə fiziki olaraq bərpasından daha geniş məna daşıyır. Burada yeni yaşayış məhəllələri ilə yanaşı, sənaye və xidmət müəssisələri, müasir nəqliyyat infrastrukturu, sosial obyektlər, yaşıllıq və istirahət məkanları yaradılır. Bu yanaşma Laçını əhalinin geri qayıtdığı, işlədiyi, sosial və iqtisadi həyat qurduğu müasir yaşayış məkanına çevirməyə xidmət edir. Laçının qısa müddətdə tikinti meydançasından yeni şəhər modelinə doğru dəyişməsi Böyük Qayıdış prosesinin ən mühüm nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım
