Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır
Cənab Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Azərbaycanın Dövlət Suverenliyi Günü kimi təsis edilib. Dövlət Suverenliyi Günü Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır. 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi uğrunda apardığı əzmkar milli mübarizənin və qazandığı Zəfərin rəmzidir. 2025-ci ildə ilk dəfə qeyd edilən bu tarixi gün dövlətimizin ən əlamətdar təqvimlərdən birinə çevrilməkdədir.
Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini quraraq inkişaf etmək, dünya birliyində öz layiqli yerini tutmaq hər xalqa nəsib olmur. Çoxəsrlik tarixində qarşılaşdığı siyasi, iqtisadi, hərbi çətinliklərə, işğallara baxmayaraq, Azərbaycan xalqı müstəqillik, dövlətçilik arzusu və mübarizəsini əsrlər boyu davam etdirib, heç bir qüvvə onun sarsılmaz əzmini sındıra bilməyib.
Ağır tarixi sınaqlardan keçərək öz dövlətçiliyini quran xalqımız ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etsə də, hakimiyyəti ələ keçirmiş səriştəsiz və təsadüfi adamların yarıtmaz idarəçiliyi nəticəsində az qala milli istiqlalını itirmək təhlükəsi ilə qarşılaşmışdı. Xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin belə bir taleyüklü çətin şəraitdə Naxçıvandan Bakıya qayıdışı müstəqilliyimizin əbədi dönməzliyi təmin etdi.
Ulu Öndər müstəqilliyimizin möhkəmlənməsi və dövlət suverenliyinin təmin edilməsi üçün bütün həyatını sərf etdi, beynəlxalq hüququn normalarını və BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərini işğal edən Ermənistanın təcavüzkar siyasətinə son qoyulması və ərazi bütövlüyünün təmin olunması üçün yorulmadan çalışdı. Eyni zamanda, güclü dövlət quraraq müasir və mütəşəkkil ordu formalaşdırdı, Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirərək dünya miqyasında etibarlı tərəfdaşlar qazandırdı. Onun yürütdüyü qətiyyətli xarici siyasət və mükəmməl diplomatiya kursu beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi birmənalı olaraq dəstəklənməsini təmin etdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu.
Beləliklə, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və suverenliyin, Konstitusiya quruluşu və coğrafi-inzibati vahidliyi tamamlandı. Prezident cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi müstəqillik mübarizəsinin simvolu olaraq müasir tariximizə yazıldı.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru
