Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib

24 Sentyabr 2026, 10:55 Siyasət
728×90

Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

 

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkənin sənaye potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Müşavirədə dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatının inkişafında mühüm istiqamətlərdən biri olduğu vurğulanıb. Dövlət Proqramının əsas məqsədlərindən biri Azərbaycanın zəngin mineral xammal ehtiyatlarından səmərəli istifadə etməklə hasilat və emal imkanlarını genişləndirmək, yeni istehsal sahələri yaratmaq və yüksək əlavə dəyər formalaşdırmaqdır.

Proqram çərçivəsində dəmir filizi, alüminium, mis və qızıl kimi mühüm metal filizlərinin hasilatı və emalı üzrə imkanların artırılması, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi və müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçiriləcək layihələrin sənayenin inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkənin ixrac potensialının artırılmasına mühüm töhfə verməsi gözlənilir.

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sahəsində qazandığı uğurlara və ölkənin beynəlxalq enerji əməkdaşlığında artan roluna xüsusi diqqət çəkib. Dövlət başçısı deyib: “Bu gün isə mənzərə tam fərqlidir. Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk, göstərəcəyik. Təbii ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.”

Bu fikirlər Azərbaycanın enerji sektorunda son illər əldə etdiyi nəticələrin miqyasını və ölkənin beynəlxalq enerji sistemində artan rolunu göstərir. Azərbaycan artıq yalnız öz enerji tələbatını təmin edən ölkə deyil, eyni zamanda, müxtəlif dövlətlərin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir. Enerji sahəsində həyata keçirilən layihələr ölkənin iqtisadi imkanlarının genişlənməsinə və beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə şərait yaradıb.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da Azərbaycanın iqtisadi potensialının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xammalın ölkə daxilində daha çox emal olunması, hazır məhsul istehsalının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.

Yeni Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər Azərbaycanın sənaye imkanlarının genişləndirilməsi ilə yanaşı, regionların inkişafına, məşğulluğun artırılmasına və yeni investisiya imkanlarının yaranmasına da şərait yaradacaq. Beləliklə, enerji sektorunda formalaşmış güclü potensialın digər sənaye sahələrinin inkişafı ilə tamamlanması ölkənin dayanıqlı iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru

728×90
Paylaş: