Almaz niyə qiymətli daş sayılır?

Almazı qiymətli edən 4 əsas amil.
Almazın qiymətli daş sayılmasının arxasında təkcə gözəllik və nadirlik deyil, həm də unikal fiziki xüsusiyyətlər, mürəkkəb geoloji tarix və güclü mədəni-marketinq amilləri dayanır.
Bəs, Almazı bu qədər qiymətli edən onun hansı xüsusiyyətləridir?
Almaz xalis karbondan ibarət olsa da, atomlarının sıx və simmetrik üçölçülü qəfəs quruluşu onu digər minerallardan kəskin fərqləndirir:
Gündəlik istifadədə asanlıqla cızılmır və uzunömürlülüyünü qoruyur.
Yüksək sındırma əmsalı və dispersiya qabiliyyəti sayəsində daxil olan ağ işığı spektrin rənglərinə ayırır və o məşhur “odlu” parıltını yaradır.
İstiliyi çox sürətlə ötürür; bu xüsusiyyət həm texniki sahədə, həm də həqiqi almazın ayırd edilməsində əhəmiyyətlidir.
Təbii almazlar Yer qabığının dərinliklərində – adətən 140–190 km dərinlikdə, həddindən artıq yüksək təzyiq və temperatur şəraitində milyonlarla, bəzən milyardlarla il ərzində formalaşır. Bu daşların səthə çıxması nadir vulkanik püskürmələr vasitəsilə baş verir. Zərgərlik keyfiyyətli, təmiz və iri almazların tapılması isə daha da nadirdir.
Qədim dövrlərdən bəri almaz möhkəmlik, əbədilik, saflıq və güc rəmzi kimi qəbul edilib. Hökmdarların taclarında və simvolik hədiyyələrdə yer alması onun sosial status və dəyər göstəricisinə çevrilməsinə səbəb olub.
Zərgərlikdə almazın qiyməti standart olaraq dörd göstəriciyə əsaslanır:
Çəki – (Carat)- Daşın kütləsi artdıqca nadirlik və qiymət qeyri-xətti şəkildə yüksəlir.
Təmizlik – Daxili qüsurların (inklüziyaların) azlığı işığın sərbəst keçməsinə və parıltıya birbaşa təsir edir.
Rəng – Ənənəvi ağ almazlarda rəngsizliyə yaxınlıq, bəzi nadir hallarda isə parlaq “fancy” çalarlar (çəhrayı, mavi, yaşıl və s.) yüksək qiymətləndirilir.
Yonma – Daşın simmetriyası və nisbətləri işığın nə qədər effektiv əks olunacağını müəyyən edir.
Onu da qeyd efək ki, Təbii almazla yanaşı, son illərdə laboratoriya şəraitində yetişdirilən almazlar da geniş yayılıb. Kimyəvi və fiziki cəhətdən təbii almaza çox yaxın olsalar da, nadirlik və geoloji mənşə fərqi qiymət formalaşmasında hələ də əsas rol oynayır.

Şəhla İlkay
