Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Albaniyada “and içilmiş bakirə qadınlar” ənənəsi nədir?

05 Oktyabr 2026, 16:30 Dünya
728×90

Faktum.az  xəbər verir ki, Albaniya və Kosovo dağlıq bölgələrində əsrlər boyu yaşatılan Burnaşa (and içilmiş bakirə qadınlar) ənənəsi, patriarxal cəmiyyətdə qadınların kişi hüquqları qazanmaq üçün müraciət etdikləri unikal sosial fenomendir. Bu adətin kökləri XV əsrdə knyaz Lek Dukacini tərəfindən irəli sürülən və şimalı idarə edən Kanun adət-hüquq külliyatına dayanır. Sərt patriarchal qaydalara görə mülkiyyət hüququ, ailəyə rəhbərlik etmək, silah gəzdirmək və qan qisasında tərəf olmaq yalnız kişilərə məxsus idi. Ailədə kişi varis olmadıqda və ya qadın məcburi ərə verilməkdən imtina etdikdə, o, 12 kənd ağsakalının hüzurunda ömürlük bakirəlik andı içərək cəmiyyətdə kişi statusu qazanırdı.

And içdikdən sonra Burnaşa adını alan qadın saçlarını kəstirir, kişi geyimləri geyinir, kişilərlə birgə məclislərdə oturur və ailənin başçısı hesab olunurdu. Böyük Britaniyanın The Guardian qəzetində dərc olunan araşdırmalara görə, bu status qadına kişilərlə bərabər hüquqlar versə də, ailə qurmaq və övlad sahibi olmaq hüququnu həmişəlik əlindən alırdı. Etnoqraf Antonia Yanq özünün Women Who Become Men kitabında qeyd edir ki, Burnaşa fenomeni cinsiyyət dəyişdirilməsi deyil, sırf sosial və iqtisadi zərurətdən doğan status dəyişikliyidir. Müasir dövrdə Albaniya cəmiyyətinin modernləşməsi ilə bu ənənə tənəzzülə uğrayıb; hazırda Şkoder və Tirana ətrafındakı dağ kəndlərində barmaqla sayılacaq qədər yaşlı Burnaşa qalıb.

728×90
Paylaş: