Rahim Sadıqbəyli televiziya rejissorluğu və prodüserlik sahəsində təcrübəsini bölüşdü

Kinorejissor, ssenarist və prodüser Rahim Sadıqbəyli “TV-də Rejissor və Prodüser işi” adlı təlimdə iştirakçılarla peşəkar təcrübəsini bölüşüb. Təlim zamanı televiziya rejissorunun və prodüserin vəzifələri, yaradıcı yanaşma, efirə hazırlıq prosesi və komanda işi müzakirə olunub.


Bugun.tv xəbər verir ki, təlimçi Rahim Sadıqbəyli uzun illər Azərbaycan kinematoqrafiyasında və televiziya sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, Azərbaycan Kinostudiyasında rejissor assistenti, AzTV-də rejissor, ANS-də prodüser və efir rejissoru, “Internews”də prodüser, ATV-də isə yaradıcılıq işləri üzrə vitse-prezident vəzifələrində fəaliyyət göstərib.
Qeyd edək ki, təlimdə yaradıcı baxışın formalaşdırılması, televiziya rejissorunun əsas vəzifələri, prodüserin missiyası, eləcə də aparıcı, rejissor və prodüser arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti haqqında danışılıb.

Rahim Sadıqbəylinin yaradıcılıq yolu
Rahim Sadıqbəyli Azərbaycanda ilk teleserial kimi təqdim edilən “Bəyaz həyat”ın rejissoru və ssenari müəllifidir. O, televiziya və kino sahəsində bir sıra film və layihələrin, eləcə də bir neçə kitabın müəllifidir.
2005-ci ildən İsveçdə yaşayan sənətkar Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin təsisçisi və rəhbəridir.

Müxbir: Şəhla İlkay
