Haqqımızda Reklam Əlaqə
160×600
160×600

ƏMƏK MÜQAVİLƏSİ İŞÇİYƏ HANSI HÜQUQLARI VERİR?

04 Noyabr 2026, 09:30 Özəl
728×90

İşləmək başqa, əmək hüquqlarının qanunla qorunması isə tamam başqa məsələdir.

Bəzən vətəndaşlar illərlə eyni müəssisədə çalışsalar da, əmək müqaviləsinin əhəmiyyətinə ciddi yanaşmırlar. Halbuki əmək müqaviləsi yalnız əməkhaqqının məbləğini müəyyən edən sənəd deyil.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən edən hüquqi sənəddir.

Əmək müqaviləsi işçiyə hansı hüquqları verir?

Qanunvericiliyə əsasən, işçinin aşağıdakı əsas hüquqları vardır:

1. Əməkhaqqı almaq – Görülən işə görə qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqı təminatlarından istifadə etmək.

2. Ödənişli məzuniyyət – İllik əmək məzuniyyətindən istifadə etmək və həmin müddət üçün məzuniyyət haqqı almaq.

3. Əlavə əməkhaqqı – İş vaxtından artıq, gecə saatlarında, istirahət və bayram günlərində işlədikdə qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə ödəniş almaq.

4. Sosial təminat – Məcburi dövlət sosial sığortası sistemində iştirak etmək və gələcək pensiya hüquqlarını formalaşdırmaq.

5. Təhlükəsiz əmək şəraiti – Həyat və sağlamlıq üçün təhlükəsiz iş şəraitində çalışmaq.

6. Hüquqi müdafiə – Əmək hüquqları pozulduqda müvafiq dövlət orqanlarına və məhkəməyə müraciət etmək.

Əmək müqaviləsi elektron qaydada bağlanmalıdırmı?

Bəli. Qanunla müəyyən edilmiş istisnalar xaricində əmək müqaviləsi Əmək və Məşğulluq altsistemində (ƏMAS) elektron sənəd formasında bağlanır və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minir.

Bəs müqaviləsiz işləyən şəxs nə itirir?

Əmək müqaviləsi rəsmiləşdirilmədən işləyən vətəndaş əməkhaqqının ödənilməsini sübut etməkdə, məzuniyyət hüququndan istifadə etməkdə, sosial sığorta stajının formalaşmasında və digər əmək hüquqlarının müdafiəsində ciddi çətinliklərlə qarşılaşa bilər.

Lakin əmək müqaviləsinin rəsmiləşdirilməməsi faktiki görülmüş işə görə ödəniş tələb etmək imkanının tamamilə itirilməsi demək deyil.

Unutmayın!

Əmək müqaviləsi işəgötürənin işçiyə etdiyi güzəşt deyil. Bu, qanunla müəyyən edilmiş hüquqi təminatdır.

Hüquqi əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 9 və 49-cu maddələri.

Hüquqşünas | Mediator Zaur Quliyev

728×90
Paylaş: