Təsis konfransı

Təsis konfransı
Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində həyata keçirilən təşkilati proseslərin yekun mərhələsi 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilmiş təsis konfransı olmuşdur. Ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində baş tutan bu konfrans Azərbaycanın müxtəlif bölgələrini təmsil edən ziyalıların, ictimaiyyət nümayəndələrinin və təşəbbüs qrupunun üzvlərinin iştirakı ilə təşkil edilmişdir. Konfransda ölkənin bütün regionlarını təmsil edən 550 nəfərdən ibarət təşəbbüs qrupu iştirak etmişdir. Təsis konfransının keçirilməsi 91 nəfər ziyalının 1992-ci il oktyabrın 16-da Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciətin məntiqi davamı idi. Həmin müraciətdə irəli sürülən yeni siyasi təşkilatın yaradılması təşəbbüsü qısa müddət ərzində geniş ictimai dəstək qazanmış, ölkənin müxtəlif bölgələrində partiyanın təsis olunması istiqamətində təşkilati işlər aparılmışdır. Naxçıvanda keçirilən konfrans bu təşəbbüsün vahid siyasi təşkilat şəklində rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.
Konfransın gündəliyində yeni siyasi partiyanın yaradılması, onun fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi, təşkilati strukturunun formalaşdırılması və rəhbər orqanlarının seçilməsi məsələləri dayanırdı. İştirakçıların müzakirələri nəticəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsi barədə qərar qəbul olunmuş, partiyanın Proqramı və Nizamnaməsi təsdiqlənmişdir. Bununla da təşkilatın ideya-siyasi istiqamətləri və gələcək fəaliyyətinin hüquqi-təşkilati əsasları müəyyənləşdirilmişdir.
Təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Bu qərar partiyanın gələcək fəaliyyətinin təşkilatlanması və siyasi rəhbərliyinin formalaşdırılması baxımından mühüm mərhələ olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, onun ölkənin siyasi həyatında iştirakının təşkilati əsasları yaradılmışdır. Naxçıvan şəhərində keçirilən təsis konfransı Azərbaycanın müasir siyasi tarixində yeni siyasi təşkilatın formalaşmasını rəsmiləşdirən mühüm hadisə kimi yadda qalmışdır. Konfransda ölkənin müxtəlif regionlarını təmsil edən nümayəndələrin iştirakı Yeni Azərbaycan Partiyasının ümumrespublika miqyasında fəaliyyət göstərmək məqsədini və geniş ictimai əsaslara söykənən təşkilatlanma prosesini əks etdirirdi.
Təsis konfransından sonra partiyanın ölkə üzrə təşkilati strukturlarının yaradılması, üzvlük prosesinin genişləndirilməsi və siyasi fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilmişdir. 1992-ci il dekabrın 18-də Yeni Azərbaycan Partiyasının dövlət qeydiyyatına alınması ilə onun siyasi təşkilat kimi hüquqi statusu rəsmiləşdirilmişdir.1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının yaranma tarixində əsas mərhələ olmuşdur. 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən bu toplantı partiyanın təsis edilməsini, Proqram və Nizamnaməsinin qəbulunu, Ümummilli lider Heydər Əliyevin Sədr seçilməsini təmin etməklə Azərbaycanın siyasi tarixində yeni təşkilati mərhələnin əsasını qoymuşdur.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
