Hava taranı edən ilk azərbaycanlı təyyarəçi Cahangir Bağırovun həyatı

Faktum.az xəbər verir ki, Azərbaycan SSR-in sabiq rəhbəri Mir Cəfər Bağırovun böyük oğlu Cahangir Mircəfər oğlu Bağırov (Vladimir Bağırov) 6 oktyabr 1919-cu ildə Həştərxan şəhərində anadan olub.
Atasının Həştərxanda işlədiyi dövrdə zadəgan mənşəli Mariya xanımla nikahından dünyaya gələn Cahangir Bağırov hələ altı yaşında ikən, 1926-cı ildə anasını vaxtsız itirib. İlk təhsil illərindən aviasiyaya böyük maraq göstərən gənc 1938-ci ildə Bakı aeroklubunu bitirib, daha sonra Moskva Dövlət Universitetinin Beynəlxalq fakültəsində, Yeysk hərbi-dəniz aviasiya məktəbində və Daşkənd hərbi məktəbində ixtisaslı təhsil alıb.
İkinci Dünya Müharibəsi başlayan kimi könüllü şəkildə leytenant rütbəsində qırıcı təyyarəçi kimi cəbhəyə yollanan Cahangir Bağırov Moskva ətrafındakı gərgin hava döyüşlərində iştirak edərək ağır yaralanıb və müharibəyə yararsız hesab olunaraq tərxis edilib. Lakin o, tərxis olunması ilə razılaşmayaraq öz təkidli xahişi ilə yenidən cəbhə xəttinə qayıdıb. 5 iyun 1943-cü ildə Kursk vilayətining Oboyan istiqamətində baş verən şiddətli hava döyüşü zamanı Cahangir Bağırov 7-dən çox düşmən təyyarəsini sıradan çıxardıqdan sonra sursatı bitdiyi üçün öz təyyarəsini faşistlərin Messerschmitt qırıcısının üzərinə sürərək hava taranı həyata keçirib və qəhrəmancasına həlak olub. Döyüşdə göstərdiyi misilsiz fədakarlığa və igidliyə görə o, ölümündən sonra “Lenin” ordeni ilə təltif edilib.
