Vətən sevgisinin, milli həmrəyliyin və Zəfərə aparan tarixi yolun rəmzi – 27 sentyabr!

Vətən sevgisinin, milli həmrəyliyin və Zəfərə aparan tarixi yolun rəmzi – 27 sentyabr!
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yolun həlledici mərhələsinə çevrildi. Altı il əvvəl Azərbaycan xalqının taleyində yeni və tarixi mərhələnin başlanğıcı qoyuldu. Bu gün 27 Sentyabr – Anım Günü kimi şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, Vətən sevgisinin, milli həmrəyliyin və Zəfərə aparan tarixi yolun rəmzi kimi yaşayır. 27 Sentyabr Azərbaycan tarixinin həm qürur, həm də dərin ehtiram hissi ilə xatırlanan günlərindən biridir. Çünki bu tarix bir tərəfdən Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini yaşadır, digər tərəfdən isə xalqımızın uzun illər gözlədiyi tarixi ədalətin bərpasına aparan yolun başlanğıcını ifadə edir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində yaşayış məntəqələrinə və hərbi mövqelərə atəş açmasından sonra Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Azərbaycan Prezidentinin həmin gün imzaladığı hərbi vəziyyət haqqında fərmanda da bu hadisələr və Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması qeyd olunur. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycan xalqının yalnız hərbi qüdrətini deyil, həm də milli birliyini, dövlətə və Orduya inamını, Vətən qarşısında məsuliyyət hissini bütün dünyaya nümayiş etdirdi. Hər bir azad edilmiş kəndin, hər bir şəhərin, hər bir yüksəkliyin arxasında Azərbaycan əsgərinin fədakarlığı, zabitimizin peşəkarlığı, şəhidimizin müqəddəs qanı dayanır. Məhz buna görə 27 Sentyabr ilk növbədə şəhidlərimizin xatirəsinə ehtiram günüdür. Azərbaycan Prezidenti 2 dekabr 2020-ci il tarixli sərəncamla hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmasını müəyyən edib.
Sərəncamda şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin Vətən torpaqlarının azad edilməsində göstərdiyi fədakarlıq xüsusi vurğulanır. Bu qərarın mənəvi mahiyyəti son dərəcə böyükdür. Çünki şəhidlərimizin xatirəsini yaşatmaq yalnız onların adlarını yad etmək deyil. Bu, onların uğrunda canlarını fəda etdikləri Vətənin gələcəyinə sahib çıxmaq, milli dəyərləri qorumaq, dövlətçiliyi möhkəmləndirmək və gələcək nəsillərə Zəfərin həqiqətlərini çatdırmaq deməkdir. 2020-ci ilin ən mühüm reallıqlarından biri Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlik və həmrəylik idi. Cəbhədə əsgər döyüşürdüsə, arxa cəbhədə milyonlarla insan onun yanında idi. Azərbaycan xalqı eyni məqsəd ətrafında birləşərək Vətən müharibəsinin mənəvi gücünü daha da artırdı. Bu birlik həm ölkə daxilində, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların fəaliyyətində özünü göstərdi. Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar, müxtəlif sosial qrupların nümayəndələri, gənclər, ziyalılar və diaspor təşkilatları Vətən müharibəsi dövründə vahid milli mövqe nümayiş etdirdilər. Bu baxımdan 27 Sentyabr bizə həm də mühüm bir həqiqəti xatırladır: əldə edilən Zəfəri qorumaq onun qazanılması qədər vacibdir. Müasir dünyada təhlükəsizlik mühiti sürətlə dəyişir. Bu səbəbdən Azərbaycanın müdafiə qabiliyyətinin, hərbi potensialının və milli təhlükəsizliyinin daim gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qalır. Vətən müharibəsi Ordumuzun gücünü, qüdrətini, rəşadətini göstərməklə yanaşı, Azərbaycanın hərb yolu ilə torpaqlarını işğaldan azad etmək əzmini göstərdi. Dünyaya bəyan etdi ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayıb. Torpaqlarını işğaldan azad edib, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən ölkəmiz artıq regionda yeni reallığın yarandığını, həmçinin Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasının, təhlükəsizliyin tərəfdarı olduğunu göstərdi. Özü haqqı, ədaləti bərpa etdi.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova
