Ümumdünya Xəstə Təhlükəsizliyi Günü (World Patient Safety Day)

Faktum.az xəbər verir ki, hər il sentyabrın 17-də qlobal səhiyyə sistemində xüsusi əhəmiyyət kəsb edən Ümumdünya Xəstə Təhlükəsizliyi Günü (World Patient Safety Day) qeyd olunur.
2019-cu ildə 72-ci Ümumdünya Səhiyyə Assambleyasında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilən bu beynəlxalq günün əsas məqsədi global miqyasda xəstə təhlükəsizliyi haqqında məlumatlılığı artırmaq, tibbi xidmətlər zamanı yarana biləcək qarşısıalınan zərərləri və səhvləri minimuma endirməkdir.
Səhiyyə statistikasına əsasən, dünyada pasiyentlərə göstərilən tibbi yardım zamanı baş verən yan təsirlər və diaqnostik-müalicəvi xətalar əlillik və ölüm hallarının əsas səbəblərindən biridir. Bu əlamətdar gün çərçivəsində tibb müəssisələrində dərman təhlükəsizliyi, cərrahi müdaxilə standartları, infeksiyaların nəzarəti və tibbi heyətlə xəstələr arasında düzgün kommunikasiyanın qurulması kimi həyati mövzulara diqqət çəkilir.
ÜST hər il bu gün üçün xüsusi bir şüar və mövzu müəyyənləşdirərək bütün dövlətləri səhiyyə sistemlərində təhlükəsizlik mədəniyyətini formalaşdırmağa və keyfiyyət standartlarını yüksəltməyə çağırır.
