Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgənin tarixi, mədəni və dini irsinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Xarici diplomatların regiona səfəri onların burada aparılan bərpa və quruculuq işləri, eləcə də qədim tarixi abidələrlə yerində tanış olmalarına imkan yaradır. Səfərə erməni revanşist qüvvələrinin mənfi reaksiyası isə bir daha göstərir ki, bəzi dairələr bölgənin tarixi irsi ilə bağlı məsələləri siyasi məqsədlər üçün gündəmə gətirməyə çalışırlar. Halbuki tarixi abidələrə münasibət siyasi yanaşmadan deyil, elmi faktlardan və mötəbər mənbələrdən irəli gəlməlidir.
Azərbaycan ərazisi qədim dövlətlərin və müxtəlif mədəniyyətlərin izlərini özündə yaşadır. Bu baxımdan Qafqaz Albaniyası irsi xüsusi yer tutur. Qafqaz Albaniyası qədim və erkən orta əsrlər dövründə Azərbaycanın tarixi ərazilərində mövcud olmuş dövlətlərdən biri kimi tarixşünaslıqda mühüm yer tutur. Onun mədəni və dini irsi ölkəmizin qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzurda yerləşən bir sıra qədim məbədlər, kilsələr və digər tarixi tikililər Qafqaz Albaniyası dövrünün mədəni izlərini araşdırmaq üçün mühüm mənbələrdir. Bu abidələrin qorunması, bərpası və elmi baxımdan tədqiq edilməsi Azərbaycanın tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından vacibdir.
Son illərdə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Tarixi və dini abidələrin də bərpasına diqqət göstərilməsi bölgənin mədəni irsinin qorunmasına xidmət edir. Xarici diplomatların bu ərazilərə səfərləri həmin prosesləri, eləcə də mövcud tarixi abidələrin vəziyyətini yerində görmək baxımından əhəmiyyətlidir. Tarixi irs hər bir xalq üçün mühüm mənəvi sərvətdir. Onun öyrənilməsi və qorunması siyasi qarşıdurma predmeti olmamalıdır. Qafqaz Albaniyası irsi də obyektiv elmi araşdırmalar əsasında öyrənilməli, tarixi faktlar təhrif edilmədən gələcək nəsillərə çatdırılmalıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə yanaşı, bölgənin zəngin tarixi-mədəni irsinin dünyaya tanıdılması da mühüm vəzifədir. Diplomatik nümayəndələrin səfərləri bu baxımdan Azərbaycan həqiqətlərinin və qədim mədəni irsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əhəmiyyətli addımlardan biridir.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev
