Dünyanın ən bahalı səhvləri

Bir anlıq dikkətsizliyin milyardlarla dollara başa gəldiyi hadisələr
Faktum.az xəbər verir ki, insan amili, texniki diqqətsizlik və ya kiçik bir hesablama xətası bəzən sadəcə uğursuzluqla nəticələnmir, böyük şirkətlərə və hətta dövlətlərə milyardlarla dollar zərər vurur.
Tarixin ən bahalı səhvlərindən biri 1999-cu ildə NASA-nın “Mars Climate Orbiter” kosmik gəmisinin itirilməsi ilə baş verib; mühəndis qruplarından birinin metrik sistemdən (metr, kiloqram), digərinin isə ingilis ölçü sistemindən (fut, funt) istifadə etməsi səbəbindən 125 milyon dollarlıq aparat Mars atmosferində yanaraq məhv olub. 1998-ci ildə “Blockbuster” videoicarə nəhənginin gənc “Netflix” şirkətini cəmi 50 milyon dollara almaq təklifini rədd etməsi isə biznes tarixinin ən böyük strateji səhvlərindən biri hesab olunur – bu gün müflis olan “Blockbuster”in əksinə, “Netflix” yüz milyardlarla dollar dəyərində nəhəngə çevrilib.
Rəqəmsal dünyanın ən ağrılı itkilərindən biri isə 2013-cü ildə britaniyalı Ceyms Houellsın daxilində 7500-dən çox bitkoin saxlanılan sərt diski səhvən zibilliyə atması olub; bu gün həmin virtual sərvətin dəyəri yüz milyonlarla dollarla ölçülür.
Həmçinin 2010-cu ildə Meksika körfəzində “Deepwater Horizon” neft platformasında təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən partlayış və ekoloji fəlakət “BP” şirkətinə təmizləmə işləri və kompensasiyalar daxil olmaqla 65 milyard dollardan çox zərər vurub. Mütəxəssislər bildirirlər ki, bu tür böyük maliyyə fəlakətləri adətən mürəkkəb sistemlərdəki sadə nəzarətsizlikdən və kadr səhlənkarlığından qaynaqlanır.
