Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Türkiyədə Demokratiya və Milli Birlik Günü

15 İyul 2026, 08:00 Dünya
REKLAM728×90

15 iyul 2016-cı il tarixi Türkiyə Cümhuriyyətinin müasir tarixinə ən ağır sınaqlardan biri kimi həkk olunub. Dövlət təsisatlarına sızmış xain qüvvələrin konstitusiya quruluşunu devirmək və xalqın iradəsini tapdalamaq cəhdindən artıq illər ötür.

Bu yazıda Faktum.az olaraq, qardaş ölkənin taleyini dəyişən həmin qanlı gecənin əsas dönüş nöqtələrini, qaranlıq qalan məqamlarını və silahsız xalqın hərbi texnika qarşısında göstərdiyi misilsiz müqaviməti ətraflı şəkildə təhlil edirik.

Həmin cümə günü axşam saatlarında İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin hərbçilər tərəfindən birtərəfli qaydada bağlanması və Ankarada hərbi təyyarələrin alçaqdan uçması ilə ölkədə qeyri-adi hadisələrin baş verdiyi məlum oldu. TRT dövlət televiziyasını ələ keçirən qiyamçılar özlərini “Yurtta Sulh Konseyi” adlandıraraq ölkədə idarəçiliyi ələ keçirdiklərini bəyan etdilər. Lakin qiyamçı qüvvələrin hesaba qatmadığı ən böyük faktor xalq iradəsi və rəhbərliyin qətiyyəti oldu. Gecə yarısına doğru Prezident Rəcəb Tayyib Ərdoğanın mobil telefon vasitəsilə canlı yayıma qoşularaq xalqı meydanlara, hava limanlarına və küçələrə dəvət etməsi hadisələrin gedişatını tamamilə dəyişdi. Bu çağırışdan dərhal sonra milyonlarla insan heç bir silahı olmadan, yalnız bayraqlarla küçələrə axışdı. Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasının, Prezident Aparatının və xüsusi təyinatlı polis idarələrinin qırıcılar tərəfindən bombalanmasına baxmayaraq, xalq geri addım atmadı.

İctimaiyyətin fəallığı və polis güclərinin qətiyyətli müqaviməti sayəsində qiyamçıların hərəkət imkanları məhdudlaşdırıldı. İstanbul və Ankarada mülki vətəndaşlar tankların qarşısına çıxaraq hərbi texnikanın hərəkətini dayandırdılar. İyulun 16-sı səhər saatlarında Boğaziçi körpüsündəki qiyamçı əsgərlərin silahlarını yerə qoyaraq təslim olması ilə dövlət çevrilişi cəhdinin tamamilə iflasa uğradığı rəsmiləşdi. Bu xain cəhdin qarşısının alınması Türkiyə xalqına olduqca baha başa gəldi. Hadisələr zamanı 251 nəfər mülki vətəndaş, polis və əsgər şəhid oldu, 2700-dən çox insan isə yaralanaraq qazi unvanı aldı. Bu qanlı hadisə Türkiyə tarixində sadəcə bir hərbi müdaxilə cəhdi deyil, həm də xalqın öz demokratik seçiminə və dövlətinə sahib çıxmaq qətiyyətin ən böyük sübutu kimi yadda qaldı. Sonda qeyd edək ki, hər il iyulun 15-i Türkiyədə “Demokratiya və Milli Birlik Günü” olaraq rəsmi səviyyədə anılır.

Jalə Asiman

AJB üzvü  – “Qızıl qələm sahibi” mükafatı lauriyyatı

REKLAM728×90
Paylaş: