Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Tukidid tələsi: Qlobal güc balansı və qaçılmaz müharibə riski

12 Avqust 2026, 16:00 Dünya
728×90

Faktum.az xəbər verir ki, bəşəriyyət tarixi boyunca böyük imperiyaların və dövlətlərin qarşıdurması dünya nizamını formalaşdıran ana faktor olmuşdur. Qədim yunan tarixçisi Tukidid eramızdan əvvəl 5-ci əsrdə baş vermiş Peloponnes müharibəsini təhlil edərkən beynəlxalq münasibətlər tarixinin en dərin qanunauyğunluqlarından birini ifşа etdi: “Mövcud lider gücün (Sparta) yüksələn yeni gücdən (Afina) duyduğu qorxu müharibəni qaçılmaz etdi”. Tarixçinin adından götürülmüş və müasir politologiyaya Harvard Universitetinin professoru Qrem Allison tərəfindən gətirilmiş “Tukidid tələsi” (Thucydides’ Trap) konsepti, hakim hegemon ilə ona meydan oxuyan yüksələn güc arasındakı Struktur gərginliyi ifadə edir.

Qrem Allisonun apardığı tarixi araşdırmalar göstərir ki, son 500 ildə yüksələn bir gücün mövcud hegemon dövlətə təhdid yaratdığı 16 analoji halın 12-si böyük və qanlı müharibələrlə nəticələnmişdir. İki dünya müharibəsi — Almaniyanın yüksəlişi və Britaniyanın liderliyinə qarşı çıxması məhz bu dinamikanın acı nümunəsidir. Zirvədə olan dövlət öz təsir dairəsini, mövqeyini və qaydalarını qorumağa çalışarkən, yüksələn güc öz iddialarını reallaşdırmaq və sistemdə layiq olduğu yeri tutmaq istəyir. Bu qarşılıqlı güvənsizlik və struktur təzyiq Kiçik bir qığılcımın böyük toqquşmaya çevrilməsinə zəmin yaradır.

Müasir dünyada “Tukidid tələsi” nəzəriyyəsinin ən bariz və taleyüklü nümunəsi ABŞ və Çin arasındakı qlobal rəqabətdir. İkinci Dünya müharibəsindən sonra qlobal nizamı müəyyən edən Vaşinqton, iqtisadi, texnoloji və hərbi cəhətdən sürətlə sıçrayış edən Pekinin yüksəlişini öz təhlükəsizliyinə və üstünlüyünə birbaşa təhdid kimi qiymətləndirir. Tayvan məsələsi, Cənubi Çin dənizindəki hərbi mövqelənmə və texnologiya müharibələri məhz bu iki supergücün Tukidid tələsinə doğru sürətlə sürükləndiyini göstərən kritik indikatorlardır.

Lakin “Tukidid tələsi” müharibənin mütləq baş verəcəyini iddia edən fatalist bir konsepsiya deyil, daha çox potensial fəlakətin qarşısını almaq üçün verilən xəbərdarlıqdır. Nüvə silahlarının mövcudluğu və qlobal iqtisadiyyatın dərin qarşılıqlı asılılığı (Soyuq müharibə dövründə ABŞ və SSRİ arasında olduğu kimi) müharibənin hər iki tərəf üçün intihar olacağını göstərir. Müasir diplomatiyanın və strateji təfəkkürün əsas vəzifəsi tarixi təcrübələrdən dərs çıxararaq, ABŞ-Çin rəqabətini müharibəyə çevrilmədən idarə olunan fəal rəqabət müstəvisində saxlamaqdır.

728×90
Paylaş: