Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Tovuz Döyüşlərinin İldönümü: Şanlı Qəhrəmanlıq və Zəfər Yolu

13 İyul 2026, 09:15 Manşet
REKLAM728×90

12 iyul, Azərbaycan xalqı hərb tariximizin şanlı səhifələrindən biri olan Tovuz döyüşlərinin növbəti ildönümünü qeyd edir.

Altı il əvvəl – 2020-ci ilin məhz bu günündə, Ermənistan silahlı qüvvələri Tovuz istiqamətindəki mövqelərimizi qəfil artilleriya atəşinə tutaraq strateji əhəmiyyətli ərazilərimizi ələ keçirməyə cəhd etdi. Lakin Azərbaycan Ordusunun adekvat cavabı düşmənin planlarını alt-üst etdi və onun ağır itkilər verərək geri çəkilməsinə səbəb oldu.

Döyüşlər zamanı Ermənistan artilleriyası Tovuzun Ağdam və Dondar Quşçu kəndlərini də atəşə tutmuşdu. Bu dörd günlük şiddətli döyüşlərdə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Lakin, çox təəssüf hissi ilə qeyd etməliyik ki, ordumuzun hərbi qulluqçuları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucaldı.  Döyüşlərdə ümumilikdə 12 hərbi qulluqçumuz və 1 mülki şəxs şəhid oldu. Əlbəttə, onların qanı yerdə qalmadı, qisasları alındı və Tovuz döyüşləri Vətən müharibəsinin başlanğıcında mühüm rol oynadı, Böyük Zəfərə gedən yolun əsas mərhələlərindən biri oldu. Bu döyüşlər Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və Ali Baş Komandanın ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirdi.
Bu qəhrəmanlıq salnaməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı və Vətən müharibəsində qazanılan Qələbəmizin carçısı oldu. Prezident İlham Əliyev həmin günlərdə “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib” deyərək xalqımızın qəhrəmanlığını yüksək qiymətləndirmişdir. Tovuz döyüşləri həm də Azərbaycanın geosiyasi üstünlüyünü açıq şəkildə göstərdi.

Allah şəhidlərimizə rəhmət eləsin.
Var olsun xalqımızın qəhrəman oğulları!

Şəhla  İlkay

REKLAM728×90
Paylaş: