Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

23 Oktyabr 2026, 20:06 Cəmiyyət
728×90

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi.

 

Tarix xalqların yaddaşı, milli kimliyinin dayağı və gələcəyə istiqamət verən mənəvi sərvətidir. Xalqın taleyində dönüş yaradan hadisələrin yaşadılması, tarixi qələbələrin xüsusi günlərlə əbədiləşdirilməsi milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı üçün 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən doğma Vətənə qovuşması yalnız hərbi uğur deyil, həm də milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir.

25 Oktyabr – Qubadlı Şəhəri Günü bu şanlı tarix salnaməsində xüsusi yer tutur. 2020-ci ilin həmin günü Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı nəticəsində Qubadlı şəhəri işğaldan azad edildi. Uzun illər doğma yurd həsrəti ilə yaşayan qubadlılıların qəlbində bu tarix azadlıq, qürur və yenidən doğuluş rəmzinə çevrildi. Şəhərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm hərbi-strateji nailiyyət olmaqla yanaşı, xalqımızın tarixi yaddaşında silinməz iz qoydu.

Tarixi hadisələrin dövlət səviyyəsində qeyd edilməsi onların əhəmiyyətini gələcək nəsillərə çatdırmaq, milli həmrəyliyi gücləndirmək və Vətən uğrunda mübarizənin qəhrəmanlarını ehtiramla yad etmək baxımından mühüm vasitədir. Bu baxımdan şəhər günlərinin təsis edilməsi Azərbaycanın müasir tarixinin əlamətdar səhifələrinin sistemli şəkildə yaşadılmasına xidmət edir.

Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olub.

Bu qərar işğaldan azad edilmiş şəhərlərimizin tarixində dönüş yaradan günlərin dövlətçilik yaddaşında möhkəmləndirilməsi baxımından mühüm addımdır. Şəhər günləri vasitəsilə hər bir bölgənin azadlıq tarixi, onun uğrunda göstərilən qəhrəmanlıq və xalqımızın uzun illər bəslədiyi qayıdış arzusu cəmiyyətə bir daha xatırladılır. Belə əlamətdar tarixlər həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli dəyərlərə bağlılığın gücləndirilməsində mühüm rol oynayır.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, güclü ordu quruculuğu və milli maraqlara əsaslanan ardıcıl fəaliyyət Azərbaycanın tarixi Zəfərinin əsasını təşkil etmişdir. Dövlət başçısının siyasi iradəsi və prinsipial mövqeyi ölkəmizin ərazi bütövlüyünün bərpasına, işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulmasına istiqamət verən mühüm amillərdən olmuşdur. Bu gün həmin ərazilərin inkişafı, tarixi-mədəni irsinin qorunması və sakinlərin doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin vacib istiqamətlərindəndir.

Tarixi qələbə günlərinin əbədiləşdirilməsi yalnız keçmişi xatırlamaq məqsədi daşımır. Bu günlər həm də gələcəyə ünvanlanan mesajdır: dövlətimizin suverenliyi, ərazi bütövlüyü və milli birliyi ən ali dəyərlərimizdir. Qubadlı şəhərinin azadlıq tarixi Azərbaycan əsgərinin qəhrəmanlığını, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin gücünü özündə birləşdirir. Bu tarixi yaşatmaq, onun həqiqətlərini gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.

Bu gün Qubadlıda və işğaldan azad edilmiş digər ərazilərimizdə aparılan bərpa və quruculuq işləri tarixi qələbənin real nəticələrini nümayiş etdirir. Yenidən qurulan yollar, yaradılan infrastruktur, bərpa olunan yaşayış məntəqələri və doğma yurda qayıdış prosesi azadlığın həyatla təsdiqidir. Qubadlı təkcə keçmişin ağrılarını deyil, həm də Azərbaycanın quruculuq əzmini, inkişaf potensialını və gələcəyə inamını təcəssüm etdirir.

25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında qürurla yaşadılmalı, hər il milli birlik və vətənpərvərlik ruhunda qeyd edilməlidir. Bu əlamətdar gün bizə xatırladır ki, tarixi qələbələr yalnız qazanılmaqla deyil, həm də qorunmaqla, yaşadılmaqla və gələcək nəsillərə ötürülməklə əbədiyyət qazanır. Qubadlının azadlıq tarixi Azərbaycanın müasir dövlətçilik salnaməsinin parlaq səhifəsi, milli iradəmizin və tarixi ədalətin təntənəsi kimi daim yaşayacaqdır.

 

Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta ümumitəhsil məktəbinin direktoru

728×90
Paylaş: