Haqqımızda Reklam Əlaqə
160×600
160×600

QAYNANANIN EVİNDƏN GƏLİNƏ PAY DÜŞÜRMÜ?

03 Oktyabr 2026, 12:30 Özəl
728×90

Boşanma zamanı ən çox verilən suallardan biri əmlakla bağlıdır:

“Mən illərlə bu evdə yaşamışam. Bu evə gəlin gəlmişəm. İndi boşanırıq. Mənə bu evdən pay düşmür?”

Cavab hər zaman insanların gözlədiyi kimi olmur.

Əgər ev qaynananın mülkiyyətindədirsə, ümumi qayda olaraq gəlin həmin evdən boşanma zamanı pay tələb edə bilməz.

Sadə desək:

Gəlin gəlmisiniz, mülkiyyətçi yox.

Boşananda hansı əmlak bölünür?

Qanunvericiliyə görə, ər-arvadın nikah dövründə əldə etdiyi əmlak, başqa qayda müəyyən edilməyibsə, onların ümumi əmlakı hesab olunur.

Məsələn, nikah dövründə ər-arvadın qazancı hesabına alınmış mənzil, avtomobil və digər əmlak müəyyən şərtlərlə ümumi əmlak hesab edilə və boşanma zamanı bölünə bilər.

Amma qaynananın, qayınatanın, baldızın, qardaşın və ya başqa üçüncü şəxsin mülkiyyətində olan əmlak ər-arvadın boşanması ilə avtomatik olaraq bölünmür.

“Amma mən 15 ildir o evdə yaşayıram…”

Evdə uzun müddət yaşamaq həmin evə avtomatik mülkiyyət hüququ yaratmır.

Bir şəxsin hansısa evdə yaşaması ilə həmin evin mülkiyyətçisi olması eyni anlayış deyil.

Hətta insanın həmin ünvanda qeydiyyatda olması da öz-özlüyündə onu mənzilin sahibi etmir.

Ona görə:

— Mən bu evə gəlin gəlmişəm;
— 10-15 il burada yaşamışam;
— uşaqlarım burada böyüyüb;
— kommunal xərcləri ödəmişəm;

kimi hallar ayrıca qiymətləndirilə bilsə də, bunların özü qaynananın evindən mülkiyyət payı almaq üçün kifayət etmir.

“Bəs evi biz təmir etmişiksə?”

Bu məsələ artıq ayrıca araşdırılmalıdır.

Əgər ər-arvad ailə büdcəsindən başqa şəxsə məxsus evə böyük məbləğdə vəsait qoyubsa, əsaslı təmir, yenidənqurma və digər xərclər həyata keçiribsə, konkret vəziyyətdən asılı olaraq çəkilmiş xərclərlə bağlı ayrıca hüquqi tələb məsələsi yarana bilər.

Ancaq:

“Evi mən təmir etmişəm, deməli evin yarısı mənimdir”

yanaşması avtomatik olaraq hüquqi nəticə yaratmır.

Çünki üçüncü şəxsə məxsus əmlaka vəsait xərclənməsi ilə həmin əmlaka mülkiyyət hüququnun əldə edilməsi ayrı-ayrı hüquqi məsələlərdir.

Əsas sual budur: ev kimindir?

Boşanma zamanı əmlak mübahisəsində ilk baxılmalı məsələlər bunlardır:

Əmlak nə vaxt əldə olunub?
Kim tərəfindən əldə olunub?
Mülkiyyət hüququ kimə məxsusdur?
Əmlakın alınmasına kimin vəsaiti xərclənib?
Əmlakla bağlı hər hansı müqavilə və ya başqa hüquqi əsas varmı?

Əgər çıxarışda ev qaynananın adınadır və əmlak həqiqətən ona məxsusdursa, təkcə həmin ailəyə gəlin gəlmək bu evə pay hüququ yaratmır.

Bəs ər evin bir hissəsinin sahibidirsə?

Burada vəziyyət dəyişə bilər.

Əgər həyat yoldaşının həmin evdə ayrıca mülkiyyət payı varsa, artıq həmin payın nə vaxt və hansı əsasla əldə olunması araşdırılmalıdır.

Məsələn, ər həmin payı nikah dövründə əvəzli qaydada əldə edibsə, bir hüquqi vəziyyət yarana bilər. Əgər ona miras və ya hədiyyə yolu ilə keçibsə, başqa hüquqi rejim tətbiq oluna bilər.

Ona görə əmlak mübahisələrində yalnız “ev kimin adınadır?” sualı ilə kifayətlənmək olmaz. Əmlakın əldə edilməsinin hüquqi əsası da araşdırılmalıdır.

Nəticə

Boşanmaq qaynananın əmlakını bölmək demək deyil.

Boşanma zamanı əsasən ər-arvadın ümumi əmlakı bölünür.

Qaynananın şəxsi mülkiyyətində olan evdə illərlə yaşamaq, ora gəlin gəlmək və ya ailə qurmaq həmin evdən avtomatik pay hüququ yaratmır.

Ona görə də məşhur sualın qısa cavabı belədir:

— Qaynananın evindən mənə pay düşür?

— Ümumi qayda olaraq, yox.

— Axı mən ora gəlin gəlmişəm…

— Gəlin gəlmisiniz, mülkiyyətçi yox.

Hüquqşünas, mediator
Zaur Quliyev

728×90
Paylaş: