Mirzə Fətəli Axundov: Şərqdə dramaturgiyanın və əlifba islahatının öncüsü

Faktum.az xəbər verir ki, XIX əsri Azərbaycan və bütövlükdə Yaxın Şərq fikri-ictimai tarixinin ən parlaq simalarından biri olan Mirzə Fətəli Axundov, İslam dünyasında dünyəvi təfəkkürün, dramaturgiyanın və maarifçilik hərəkatının təməlini qoymuş böyük mutəfəkkirdir. 1812-ci ildə Şəkidə anadan olan Axundov, klassik və Avropa təhsilini sintez edərək Şərq cəmiyyətinin modernləşməsi uğrunda prinsipial ideoloji mübarizə aparmışdır.
M.F.Axundovun mühüm tarixi xidmətlərindən biri 1850–1855-ci illər arasında qələmə aldığı altı komediya ilə Şərqdə dramaturgiya sənətinin əsasını qoymasıdır. “Hacı Qara”, “Müsyo Jordan və Dərviş Məstəli Şah” kimi məşhur pyesləri ilə o, təkcə yeni ədəbi janr yaratmamış, həm də cəmiyyətdəki xurafatı, cəhaləti, saxtakarlığı və feodal-patriarxal geriliyi kəskin satira atəşinə tutmuşdur. Onun bu əsərləri 1873-cü ildə Bakıda ilk dəfə səhnələşdirilərək milli teatrımızın yaranmasına təkan vermişdir.
Böyük ədibin həyatının ana qayəsini təşkil edən digər böyük missiya isə ərəb əlifbasının islahatı ideyası olmuşdur. Ərəb qrafikasının oxu və yazıda törətdiyi çətinlikləri İslam dünyasında savadsızlığın başIıca səbəblərindən biri kimi görən Axundov, latın və kirill qrafikaları əsasında yeni əlifba layihələri hazırlamışdır. Bu məqsədlə İstanbul və Tiflisdə diplomatik, elmi dərnəklərlə danışıqlar aparan mutəfəkkir, öz dövründə bu ideyasını tam reallaşdıra bilməsə də, XX əsrin başlanğıcında Türk dünyasında keçirilən Əlifba İslahatlarının (1926-cı il Bakı Türkoloji Qurultayı və Türkiyədəki əlifba inqilabı) mənəvi və elmi ilhamvericisinə çevrilmişdir.
