“Microsoft”ın keçmiş mühəndisi “AMD Threadripper” prosessorunun istiliyi ilə Stirlinq mühərrikini işə saldı

“Windows” əməliyyat sisteminin “Tapşırıq meneceri” (Task Manager) daxil olmaqla bir neçə mühüm komponentinin yaradıcısı, “Microsoft”un veteran mühəndisi Deyv Plammer texnologiya dünyasında böyük maraq doğuran qeyri-adi bir eksperiment həyata keçirib.
Keçmiş mühəndis özünün “X” sosial şəbəkə hesabında paylaşdığı videoda mini Stirlinq mühərrikinin “AMD Threadripper” prosessorunun yaydığı istilik enerjisi hesabına necə işlədiyini nümayiş etdirib. Eksperiment zamanı mini mühərrik 32 nüvəli və 64 axınlı “AMD Threadripper 3970X” prosessorunun üzərinə yerləşdirilib. Sistemə yük salmaq və maksimum istilik hasil etmək üçün “Cinebench” test proqramı işə salınıb.
Nəticədə, prosessorun yaydığı güclü istilik enerjisinin bir hissəsi mexaniki hərəkətə çevrilərək mühərrikin porşenini işlədib və onun çarxını sürətlə fırlatmağa başlayıb. XIX əsrin əvvəllərində patentləşdirilmiş Stirlinq mühərriki qapalı məkanda qaz və ya mayenin dövri olaraq qızdırılması və soyudulması zamanı yaranan təzyiq fərqi prinsipi ilə işləyir. Plammerin istifadə etdiyi bu cür aşağı temperaturlu mini modellər adətən təhsil məqsədilə satılır və onları hətta bir fincan isti çayın istiliyi ilə də hərəkətə gətirmək mümkündür.
Keçmiş Microsoft mühəndisi bu qurğunun kompüter üçün effektiv bir soyutma sistemi olduğunu iddia etmir və eksperimentdən əvvəlki yaxud sonrakı temperatur göstəricilərini açıqlamır. Buna baxmayaraq, aparılan sınaq müasir kompüter komponentlərinin, xüsusilə güclü prosessorların nə qədər nəhəng həcmdə istilik enerjisi ifraz etdiyini və bu enerjinin yaradıcı üsullarla mexaniki qüvvəyə çevrilə biləcəyini əyani şəkildə sübut edir.
