Mehriban Əliyeva daşıdığı vəzifəyə şöhrət və sanbal gətirən insandır

Bu gün – 26 avqust tarixi canlı humanizm nümunəsi, bu dəyərə qlobal libas biçməyi bacarmış, onu parlaq ictimai hadisəyə çevirmiş Mehriban xanımın dünyaya gəldiyi gündür.
Daxilən zəngin dünyaya malik insanın xarakterinə hakim kəsilmiş duyğuların məcmusu həm də mədəniyyətdir. Yüksək mədəniyyətə sahib fərdlərin malik olduqları keyfiyyətlər bir yerə toplanaraq xalqın şüur və düşüncəsinin məhsulu kimi qəlibləşir. Nəticə etibarilə düşüncə kübarlığının özü mədəniyyət hadisəsinə çevrilir. Azərbaycan xalqının varlığı da böyük ölçüdə onun ayrı-ayrı görkəmli şəxsiyyətlərinin daşıdıqları mədəniyyət formalarının ümumiləşmiş məhsuludur. Qətiyyətlə söyləyə bilərik ki, Mehriban xanım Əliyevanın mədəniyyətimizə verdiyi dəyər də, onun təbliğinə sərf etdiyi misilsiz əmək də məhz bundan qaynaqlanır. Elə bu səbəbdəndir ki, onun ictimai fəaliyyətinin ilk addımlarından biri Azərbaycan Mədəniyyət Fondunun təsis edilməsi olmuşdur.
Bəli, Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin böyük hamisidir. O, mədəniyyətimizi haqq səsimizin eşidilməsi naminə güc və qüvvət mərtəbəsinə ucaldan ziyalı obrazıdır. Haqq səsimizdən söz düşmüşkən, dövlətimiz otuz ilə yaxın müddətdə Qarabağ və digər işğal olunmuş ərazilərimizin qurtulması naminə mücadilə verdi. Ulu öndər Heydər Əliyevin mövcud istiqamətdəki mübarizəsinə yeni ruh gətirən Prezident İlham Əliyev siyasi-diplomatik vasitələrlə savaş meydanına atıldısa, Mehriban xanım Əliyeva savaşın, belə demək mümkünsə, mədəniyyət cəbhəsinə rəhbərlik etdi.
Mehriban xanımın Birinci vitse-prezident kimi ölkəmizin siyasət olimpindəki missiyası göstərir ki, vəzifəyə şöhrət və sanbal gətirən insandır. İnsanın daxilindən gələn nəcib xüsusiyyət və davranışlar, kübarlıq və alicənablıqdır. Əslində, onun Milli Məclisin deputatı kimi siyasət meydanında gördüyü işlər də həmin keyfiyyətlər məcmusunun ifadəsi idi. Birinci vitse-prezidentlik institutu isə onların arealını daha geniş götürmək imkanı verdi. Müvafiq olaraq vəzifənin özü də dəyər qazandı.
Əziz və hörmətli Mehriban qızım!
Sizin doğum gününüzü ürəkdən təbrik edirəm. Gələcək işlərinizdə Sizə bol uğurlar və nailiyyətlər arzu edirəm.

Sofiya Yaqub qızı Abbasova (Sofiya Yaqub)
Əməkdar müəllim – Gürcüstan Respublikasının “Maarif əlaçısı”, şairə
