Kosmosda növbəti uğur

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) “Hayabusa2” zondu tərəfindən çəkilmiş “Torifune” asteroidinin tamamilə yeni və unikal şəkillərini yayımlayıb. Nadir fotolar 5 iyul 2026-cı il tarixində, Yer kürəsindən təxminən 100 milyon kilometr məsafədə baş tutan yüksək sürətli uçuş zamanı əldə edilib.
Optik görüntülərdə diametri təxminən 450 metr olan “Torifune” asteroidinin qeyri-adi formaya – iki çıxıntılı “başa” malik olduğu aydın görünür. Zond həmçinin xüsusi TIR kamerasından istifadə edərək orta infraqırmızı çəkilişlər də reallaşdırıb ki, bu da alimlərə obyektin səth temperaturunu qiymətləndirməyə imkan verib. Məlum olub ki, orbitləri Yerin orbiti ilə kəsişən “Apollon” qrupuna aid bu asteroidin kölgəli əraziləri kəskin soyuq, günəşli tərəfi isə nəzərəçarpacaq dərəcədə istidir. Günəş ətrafında tam dövrünü 383 günə başa vuran və öz oxu ətrafında hər 5 saatdan bir fırlanan bu asteroid yaxınlığından keçid əslində “Hayabusa2″nin ilkin planında yox idi. Alimlər obyekt barədə məlumatların azlığı səbəbindən bu manevri kifayət qədər riskli əməliyyat hesab etsələr də, zond tapşırığın öhdəsindən uğurla gəlib.
Xatırladaq ki, 2014-cü ilin dekabrında kosmosa buraxılan “Hayabusa2″nin ən böyük tarixi nailiyyəti 2020-ci ildə “Ryuqu” asteroidindən Yerə gətirdiyi materiallar olub; həmin nümunələrin təhlili alimlərə Günəş sisteminin erkən tarixi haqqında mühüm ipucları verməklə yanaşı, DNT və RNT-ni təşkil edən beş nukleobazanın hamısını kəşf etməyə şərait yaradıb. Bu uğurlu əməliyyatdan sonra kosmik səyahətini davam etdirən zondun növbəti rəsmi hədəfi isə 2031-ci ildə çatması planlaşdırılan və indiyədək ziyarət edilmiş ən kiçik göy cismi ola biləcək cəmi 11 metr diametrli “1998 KY26” asteroididir.
Faktum.az
