Hər modanın geri dönüşü arzuolunan deyil

Qaş insan simasının elə bir vacib elementidir ki, quruluşu etibarilə xarakteri haqqında çox söz söyləmək mümkündür. Eyni zamanda, qaşın düzülüş formasına görə üzün mimikası ciddi şəkildə dəyişir. Qaş eləcə də şairlərin qələmindən bədii boyalarla çox gözəl şəkildə vəsf olunub.
Qaş qədim Roma mədəniyyətində böyük önəm daşıyan aksesuar hesab olunurdu. Xüsusilə çatma qaş. Roma mədəniyyətində çatma qaşlı doğulmuş uşaq xüsusi diqqətlə böyüdülürdü. İdarəçilik sistemində olan insan döymə üsulu ilə qaşlarını bir-birinə birləşdirirdi. Bu yalnız moda və ya gözəllik xatirinə edilmirdi. Əlində olan səlahiyyətin bölünməməsi, “bir qaş altından baxılması” kimi hesab edilirdi. Başqa sözlə desək, əzəmət, güc, hakimiyyət simvolu olaraq dəyərləndirilirdi.
Qadınlarda isə çatma qaş gözəllik etalonu hesab edilirdi. O dövrün estetik “əməliyyatları” ilə qaşlarını qalın şəkildə birləşdirirdilər.
Zaman-zaman modalar geri dönür. Düşünürük ki, bir gün çatmaqaşlıq moda olarsa, təbii gözəlliklərini estetik əməliyyatlarla məhv edən qadınlarımız bu səfər çatma qaşları ilə özlərini qorxulu yuxu “qəhrəman”larına döndərərlər.
Yarı zarafat, yarı ciddi, arzu edək ki, geri dönməsin.

Tərifə Şükürqızı
