Ginnesin Rekordlar kitabına düşən ən uzun dırnaqlı qadınlar – Onlar bunu niyə etdilər?

Ginnesin Rekordlar kitabında elə məlumatlar var ki, insanda xüsusi maraq və sual doğurur – Axı niyə?
Məsələn, “Dünyada ən uzun dırnaqlara sahib olan qadınlar “ kimi.
Hər şeyin bir səbəbi olduğu kimi, sən demə, onların da özlərinə məxsus səbəbləri var imiş.
Onlardan biri Diana Armstronqdur.
ABŞ-ın Minnesot ştatında yaşayan Diana Armstronq 25 ildən çoxdur ki, dırnaqlarını kəsmir. Onun dırnaqlarının ümumi uzunluğu 13 metrdən çoxdur.
Lakin bu qərarın arxasında kədərli bir xatirə dayanır. 1997-ci ildə Diananın 16 yaşlı qızı Latışa astma tutmasından qəfil dünyasını dəyişir. Vəfat etməzdən bir gün əvvəl Latışa anasının dırnaqlarına qulluq etmişdi. Bu acı itkidən sonra Diana bir daha dırnaqlarına qayçı vurmayacağına söz verir. O, dırnaqlarını hər dəfə görəndə qızını xatırladığını bildirir. Bu gün onun təkcə bir barmağındakı dırnağını rəngləmək üçün 4 saat vaxt və bütöv bir lak şüşəsi tələb olunur.
Rekordlar kitabına düşən ən uzun dırnaqlı ikinci qadın isə Şridhar Çillaldır.
Hindistanlı Şridhar Çillal isə təkcə sol əlinin dırnaqlarını uzatmışdı. O, 1952-ci ildən — cəmi 14 yaşında olarkən dırnağını uzatmağa başlayıb. Hər şey məktəbdə müəlliminin təsadüfən dırnağını qırdığı üçün ona qəzəblənməsi ilə başlayır. Müəllimi ona “Dırnaq uzatmağın nə qədər çətin olduğunu bilmirsən” deyir. Şridhar bu sözü özünə meydan oxumaq kimi qəbul edir və 66 il boyunca sol əlinin dırnaqlarını kəsmir.
İllər keçdikcə bu fədakarlıq onun fiziki sağlamlığına ağır zərbə vurur. Dırnaqların ağırlığı sol əlinin sinirlərinə zərər verir, barmaqlarını deformasiyaya uğradır və sol qulağının kar olmasına səbəb olur. 2018-ci ildə, 81 yaşında olarkən, o, nəhayət dırnaqlarını xüsusi tibbi mişarla kəsdirməyə razı olur. Hazırda onun 9 metrlik dırnaqları Nyu-Yorkdakı “Ripley’s Believe It or Not!” muzeyində nümayiş olunur.
Deməli, dünyanın ən uzun dırnaqlarına sahib olmaq sadəcə bir rekord deyil, həyat tərzini kökündən dəyişən qeyri-adi bir hekayədir.
Həyat tərzində diskomford yaradan, hətta sağlamlıqlarına zərər vuran bu rekord, sağlam insan həyatından üstün olmasa da – hər iki rekordçu insan səbrinin və əzminin nə dərəcədə qeyri-adi olduğunu bütün dünyaya sübut edib.

Şəhla İlkay
